Cəlal Əliyev - 90

Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Xalqın zəkasını, elmini dünyaya nümayiş etdirmiş, aldığı dəyərli universal nəzəri-tətbiqi nəticələrlə dünya biologiya elminin xəzinəsini zənginləşdirmiş, bununla da adını dünyanın tanınmış elm korifeyləri ilə bir sırada yazmış və ən nəhayət ömrünün 60 ildən artıq bir hissəsini əsasən müqəddəs nemətimiz olan buğdanın tədqiqinə həsr edən əməkdar elm xadimi, akademik Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Təbiət elmlərinə olan hədsiz məhəbbəti Cəlal müəllimə sonrakı həyat yolunun müəyyənləşdirilməsində həlledici rol oynadı. Belə ki, 1944-cü ildə əvvəlcə O, Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. Hələ üçüncü kurs tələbəsi olarkən C.Əliyev bitkilərin fiziologiyası kafedrasında laborant vəzifəsində işləməyə başlamış və biologiyanın bu sahəsini gələcək elmi fəaliyyəti üçün seçmişdir. Azərbaycan Elmlər Akademiyasının bitkilərin fiziologiyası ixtisası üzrə aspiranturasını bitirən C.Əliyev 1955-ci ildə “Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci ildə “Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmışdır. C.Əliyev elmi tədqiqat işlərini 1954-cü ildən bu günə kimi AzərbaycanRespublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bitkilərin fiziologiyası (indiki bitkilərin fiziologiyası və biotexnologiya) və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (indiki bioloji məhsuldarlığın fundamental problemləri) şöbələrində aparmışdır. Altmış ildən artıqdır ki, Cəlal Əliyevin fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr olunmuşdur.

1970-ci illərdən başlayaraq akademik Cəlal Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə buğdanın seleksiyası sahəsində kəskin dönüş yarandı. İlk növbədə institutda geriliyin aradan qaldırılması üçün uzun bir dövrü əhatə edən hərtərəfli, elmi əsaslı kompleks seleksiya proqramı hazırlandı. Bu proqramın əsas məqsədi ilk növbədə Azərbaycan Respublikasının müxtəlif aqroekoloji şəraitinə uyğun, quraqlığa, duza, yüksək temperatura, soyuğa, şaxtaya, xəstəlik və zərərvericilərə və yatmaya kompleks davamlı, kənd təsərrüfatı istehsalının tələblərini ödəyən intensiv tipli, daha yüksək məhsuldar və keyfiyyətli dənli taxıl sortlarının yaradılmasının nəzəri əsaslarının və təcrübi üsullarının işlənib hazırlanmasından ibarət idi. Bu işə bitkilərin fiziologiyası, biokimya, texnologiya, genetika, seleksiya, entomologiya və fitopatologiya sahəsində çalışan mütəxəssislər yaxından cəlb edildi.

Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, keçən əsrin yetmişinci illərində taxılçılığın intensiv üsullarla becərilməsinə başladıqdan sonra yeni qısa boylu, tezyetişən, yüksək məhsuldar və keyfiyyətli buğda sortlarına tələbat artdı. Həmin illərdə Azərbaycana bir çox ölkələrdən gətirilən qısa boylu buğda sortları yerli şəraitə uyğunlaşmadığından xəstəliklərə tutulurdu. Bu zaman müxtəlif institutlarda, seleksiya mərkəzlərində, bölgə təcrübə bazalarında intensiv seleksiya işləri aparılırdı. Lakin yüksək məhsuldar, keyfiyyətli, xəstəliklərə və mühitin əlverişsiz amillərinə davamlı buğda sortlarının yaradılması nəzəri tədqiqatlar aparmaqla seçmə üçün yeni metodların və yüksək ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac duyulurdu.1970-ci illərə qədər respublikada əkinçilik sahəsində müəyyən kadrlar hazırlansa da, elmi-tədqiqat işləri aparılsa da, taxıl istehsalını artırmaq, əkinçiliyin digər problemlərini həll etmək mümkün olmamışdır. Həmin dövrdə kadr hazırlığı, texniki təminat və elmi-tədqiqat işlərində dönüş yaratmadan, kənd təsərrüfatında böhran keçirən respublikada çətinlikləri aradan qaldırmaq mümkün deyildi. Ölkənin misilsiz milli sərvəti hesab olunan elmi-texniki potensialın yaradılması kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində olduqca zəruri idi. Bu zərurəti akademik C.Ə.Əliyev elmi uzaqgörənliyi, təbii fitri istedadı və yüksək intuisiyası ilə hələ xeyli əvvəllər hiss etmişdi. Zəngin təcrübəyə, böyük elmi zəkaya malik olan akademik çox gözəl bilirdi ki, yüksək istedadlı gəncləri elmi işə yaxından cəlb etməklə, elmi əsaslara istinad etməklə, kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına nail olmaq mümkündür.Uzaqgörən, müdrik akademik biologiya, kənd təsərrüfatı və s. üzrə fundamental və tətbiqi sahədə tədqiqat aparmağa qabil kadrların hazırlanmasını ilkin vəzifələrdən biri kimi qarşıya məqsəd qoydu. Bu məqsədə 1972-ci ildən başlayaraq müxtəlif elmi sahələr üzrə yüksək ixtisaslı kadrlar: bioloqlar, kimyaçılar, aqronomlar, fiziklər, riyaziyyatçılar, mühəndislər instituta cəlb edilərək keçmiş ittifaqın müvafiq elmi mərkəzlərinə əvvəlcə 2 illik ixtisasartırma kurslarına, sonra isə məqsədli aspiranturaya göndərilirdi.Akademik C.Əliyevin misilsiz xidmətidir ki, 80 nəfərdən artıq elmi işçi keçmiş SSRİ-nin nüfuzlu elmi mərkəzlərində biofizika, biokimya, biotexnologiya, torpaq fizikası, aqrokimya, molekulyar biologiya, genetika, molekulyar genetika, bitkilərin fiziologiyası, aqroekosistemin riyazi modelləşdirilməsi, fotosintetik proseslərin riyazi modelləşdirilməsi, radiobiologiya, texniki kibernetika və informasiya nəzəriyyəsi, fitopatologiya, xəstəliyə qarşı bitkilərin immuniteti, quraqlığa davamlılıq üzrə seleksiya, elektron hesablama maşınlarının tətbiqi ilə təcrübi göstəricilərin riyazi işlənməsi və s. sahələr üzrə uzunmüddətli ixtisasartırma kursları keçmişlər.Bunun məntiqi nəticəsidir ki, məqsədli aspirantura da daxil olmaqla Əkinçilik İnstitutunda 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlandı. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşlər. Akademik Сəlal Əliyevin bilavasitə elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı formalaşdırılmışdır. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. Onun bir çox tələbələri MDB-yə daxil olan, eləcə də ABŞ, Almaniya, Fransa, Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq, Cənubi Koreya və başqa ölkələrə dəvət olunmuş və hal-hazırda orada müvəffəqiyyətlə çalışırlar. Akademik C.Əliyevin dünyanın aparıcı elm mərkəzləri ilə apardığı danışıqlar nəticəsində Əkinçilik İnstitutunun bir çox elmi işçiləri dəfələrlə CIMMYT, ICARDA, IPGRI, ICRISAT, ICBA və s. beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə kənd təsərrüfatının müxtəlif prioritet istiqamətləri üzrə beynəlxalq ixtisasartırma kurslarında təhsil almışlar. Təsadüfi deyildir ki, akademik C.Əliyev və onun hazırladığı kadrlar 1993-cü ildə bioloji məhsuldarlıq proseslərinin molekulyar əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər.

Geniş və əhatəli seleksiya proqramı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə yetmişinci illərdən həyata keçirilməyə başlandı. İlk növbədə bu məqsədlə baş qərargahı Meksikada yerləşən Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Seleksiya Mərkəzinin (CIMMYT) və keçmiş Sovetlər birliyinə daxil olan, buğdanın seleksiyası ilə məşğul olan institutların hesabına müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda genofondu-gen bankı yaradıldı. Bu genofond fotosintez əlamətlərinin nəslə keçirilməsi və irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və başlıcası, məqsədyönlü seleksiyanın kompleks əlamətlərə əsasən həyata keçirilməsi üçün istifadə olunmağa başlanmışdır. Bununla da C.Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq buğdanın seleksiyasının elmi əsaslandırılmış proqramının həyata keçirilməsinin əsası qoyulmuşdur. Bir sözlə, hələ ötən əsrin sonunda qısaboylu intensiv tipli buğda sortlarının məhsuldarlığının artırılmasına görə akademik C.Əliyevin nəzəri və təcrübi tədqiqatlarının nəticəsində əsil “Yaşıl inqilab” baş vermiş və bu bütün dünyada əks-sədaya səbəb olmuşdur. Buğdanın seleksiyasında əsaslı nailiyyətlərin əldə olunması üçün nəzəri tədqiqatların aparılmasının vacibliyini qabaqcadan görən akademik C.Əliyev bu istiqamətdə tədqiqatları hələ keçən əsrin 70-ci illərindən aparmağa başlamışdır. Buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla bunu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da Azərbaycanda biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası akademik C.Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlərin vasitəsi ilə buğda bitkisinin genom kitabxanası yaradılmış, sintez olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınmışdır. Bunun əsasında gen mühəndisliyindən istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanmışdır. O daima əldə etdiyi elmi nailiyyətləri dünyanın müxtəlif ölkələrinin və Beynəlxalq mərkəzlərin aparıcı mütəxəssislərinin iştirakı ilə tarla şəraitində müzakirəsinə xüsusi diqqət yetirmişdir.

Akademik Cəlal Əliyev uzun müddət aparılmış nəzəri və eksperimental tədqiqatlarla fototənəffüs hadisəsinin əhəmiyyətinin aydınlaşdırılmasına nail olmuşdur. Bu ideya, uzun illər tarla şəraitində müxtəlif bitki genotipləri üzərində aparılan məqsədyönlü və çoxşaxəli tədqiqatların nəticələrinə əsaslanmışdır. Bunun üçün ilk növbədə 10 min buğda genotipini, xəstəliklərə və mühitin qeyri əlverişli amillərinə (quraqlığa, torpaq şoranlığına və s.) davamlı yüksək məhsuldar sortları özündə ehtiva edən zəngin buğda genofondu yaradıldı. Müəyyən olundu ki, yüksək məhsuldar (7-9t/ha) buğda genotiplərinə yüksək fotosintez intensivliyi ilə yanaşı yüksək fototənəffüs ölçüləri də xasdır. Orta və aşağı məhsuldarlıqlı (3t/ha) genotiplərdə isə əksinə həm CO2 assimilyasiyası, həm də fototənəffüsün intensivliyi kiçik  qiymətlərə  malik olmuşlar.  Aydınlaşdırıldı ki, müxtəlif məhsuldarlıqlı genotiplərdə həqiqi fotosintezin fototənəffüsə olan nisbəti orta hesabla 3:1-dir. Beləliklə, akademik C.Əliyev fotonəffüsün israfçılığının əksinə olaraq 40 il ərzində tarla şəraitində yetişdirilən və məhsuldarlığına görə təzadlı olan buğda genotiplərindən istifadə edərək, qaz mübadiləsinin intensivliyi, karbon metabolizmi və RBFK/O fermentinin aktivliyinə dair aparılmış müxtəlif istiqamətli tədqiqatlarla sübut etmişdir ki, fototənəffüs təkamüldə formalaşmış olan həyat əhəmiyyətli metabolik prosesdir. O, tədqiqatlarda alınan nəticələrə əasalanaraq bitkilərdə məhsuldarlığın artırılması üçün fototənəffüsü müxtəlif yollarla zəiflədilməsinin əsassız olduğunu bir daha sübut etmişdir. Fotosintez və fototənəffüsün əsas fermentlərininfosfoenolpiruvatkarboksilaza və fosfoqlükalatfosfatazanın tam şəkildə nukleotid və aminturşu ardıcıllığı təyin edildi. 

Akademik C.Əliyevin əldə etdiyi bu nailiyyətləri, eləcə də Əkinçilik ET İnstitutunda bu əsasda yaradılan buğda sortları və onların respublikada geniş əkin sahəsinə malik olmasını 2011 və 2013-cü illərdə Bakıda keçirilən və “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları”na həsr olunmuş beynəlxalq konfransda təmsil olunan 40-dan artıq xarici ölkənin elm adamları tərəfindən yüksək dəyərləndirildi. Onlar akademik Cəlal Əliyevin uzun müddət fotosintez, xüsusən də fototənəffüs sahələrində əldə olunan nailiyyətlərini yüksək qiymətləndirərək bildirmişlər ki, professor Cəlal Əliyevin bu illər ərzində əldə etdiyi bu nailiyyətlərdən yalnız Azərbaycan xalqı deyil, bütövlükdə dünya elmi də bəhrələnəcək. 

Artıq keçən əsrin 80-ci illərinin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik C.Ə.Əliyev tərəfindən “İdeal buğda” bitkisinin modeli hazırlamış və onun testləri əsasında seleksiya materiallarının seçilməsi ilə qiymətli formalar yaradılmışdır. Bu model özündə fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək məhsuldarlığı sərtləndirən prinsiplər müəyyən edilmişdir. Bütün bunların nəticəsində artıq 1980-ci illərdə bir çox qiymətli buğda hibridləri yaradıldı, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirildi və onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (SNSMDK) təqdim olundu. Aparılan ekoloji sınaqlar və SNSMDK-nin nəticələri əsasında rayonlaşdırılmış Mirbəşir 50, Qaraqılçlq 2, Vüqar, Şiraslan 23, Tərtər, Bərəkətli 95, Əlincə 84 bərk, Mirbəşir 128, Əkinçi 84, Qiymətli 2/17 yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi tutmağa başladı. Hələ, 1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi akademik C.Əliyevin yaratmış olduğu məşhur Qaraqılçıq 2 bərk buğda sortu Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunmuş və tezliklə keçmiş Sovetlər Birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək məhsuldarlığına görə bu sortun Özbəkistan və Türkmənistan respublikalarında da rayonlaşmasına qərar vermişlər. Respublikada taxılın orta məhsuldarlığının iki dəfə artaraq 2,5-2,6 t/ha çatmasında məhz bu sortların əkin sahələrinin tez bir zamanda genişlənməsinin də böyük rolu olmuşdur. Bunun üçün Əkinçilik İnstitutunun respublikanın hər bir bölgəsini əhatə edən təcrübə stansiyalarında yaradılmış yüksək məhsuldar taxıl sortlarının toxumçuluq sistemi sürətlə inkişaf etdirildi. Hər bir bölgə üçün işlənib hazırlanmış elmi əsaslandırılmış becərmə texnologiyasının tətbiqi göstərdi ki, intensiv tipli bu sortlardan optimal şəraitdə hektardan 7-8 ton dən məhsulu almaq mümkündür. İnstitutda yaradılmış sortların əksəriyyəti məhz bu modelin testləri əsasında həyata vəsiqə almışdır. Yaradılmış bu testlər qısa müddətdə minlərlə nümunələrin, ilkin seleksiya materiallarını qiymətləndirməyə imkan verdi. Odur ki, C.Əliyevin seleksiya proqramı çoxcəhətli və hərtərəflidir. O daima işləyən, təkrar olunmaz və dinamik inkişafda olan və bir-birini tamamlayan bir mexanizmdir. Bunu artıq dayandırmaq və ya zəiflətmək mümkün deyildir. Buna 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində bir çox ciddi cəhdlər olmuş, Əkinçilik İnstitutunun rəhbərliyi dəyişdirilmiş, seleksiyaçı alimlər başqa işə keçirilmiş, elmi işlərin aparılmasına lazımi şərait yaradılmamışdır. Məhz o, ağır illərdə akademik C.Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq Əkinçilik İnstitutunda başladığı seleksiya proqramını həyata keçirmək üçün alimləri öz ətrafında sıx birləşdirərək, onları ruhdan düşməyə qoymamışdır. Respublikamızın taxıla olan tələbatına və o, illərdə süni surətdə yaradılmış blokadanı yaxşı başa düşən Cəlal müəllim tezliklə taxıl istehsalını artırmaq üçün proqramlar hazırlayıb dövlət rəhbərliyinə göndərmişdi. Çox təəssüflər ki, o zaman belə mühüm, vacib işi həyata keçirmək üçün müsbət cavab ala bilməmişdi. Çətinliklərə baxmayaraq həmin illər seleksiya işləri nəticəsində respublikada yüksək məhsul vermək potensialına malik olan “Mirbəşir 50”, “Tərtər” və “Vüqar” bərk buğda sortları rayonlaşmış və seleksiya nailiyyətlərinin Dövlət reystrinə daxil edilmişdir.

Ancaq mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının yaradılması zəruriyyəti qarşıda dururdu. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda də nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik olmalı idi. Məhz akademik C.Əliyevin son otuz ildə seleksiya proqramında inkişaf etdirdiyi istiqamətlərdən biri də bu olmuşdur. Bunun üçün hibrid nəsillərin alınmasında yerli buğda sortlarından istifadə olunmasına böyük üstünlük verildi. Xalq seleksiyası yolu ilə yaeadılmış «Qaraqılçıq», «Qırmızı buğda», «Sarı buğda», «Ağ buğda», «Şərq» və başqa Azərbaycanda uzun müddət əkilən, təbii seçmə nəticəsində yeni şəraitə uyğunlaşan davamlı buğda genotipləri yeni intensiv sortlarla hibridləşdirilərək yeni hibrid nəsillər yaradıldı. Bunlardan perspektivli hesab olunan formaların ekstremal amillərə davamlılığının Əkinçilik İnstitutunda fəaliyyət göstərən fitotronda süni iqlim kameralarında öyrənilməsi tezliklə onların tarla şəraitində sınaqdan keçirilməsinə imkan yaratdı. Artıq bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində alınmış quraqlığa davamlı «Bərəkətli 95» bərk buğda sortu ilə yanaşı «Qobustan», «Ruzi 84», «Qızıl buğda», «Günəşli» yumşaq buğda sortlarının əkin sahəsi respublikanın quraq dəmyə regionlarında artmaqdadır. Bu tipli bir çox hibrid formaların tarla şəraitində suvarma rejimindən asılı olaraq fizioloji xüsusiyyətlərinin öyrənilməsi yeni quraqlığa davamlı hibridlərin seçilməsinə zəmin yaratdı.

Əkinçilik İnstitutunda aparılan seleksiya proqramının yeni istiqamətlərindən biri də buğdanın seleksiyası üzrə dünyada məhşur olan CIMMYT və Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (ICARDA) ilə aparılan birgə tədqiqatlardır. Akademik həmin təşkilatlarla birgə əməkdaşlıq üçün müraciət etdikdən sonra 1995-ci ildən başlayaraq CIMMYT və ICARDA-nın mərkəzi Asiya və Cənubi Qafqaz üzrə əlaqələndiriciləri bir qayda olaraq Azərbaycanda səfərdə olurlar. Əkinçilik İnstitutunda və onun müxtəlif bölgələrdə yerləşən təcrübə bazalarında aparılan seleksiya işləri ilə tanışlıqdan sonra, onlar burada seleksiya işlərinin beynəlxalq səviyyədə aparılmasının şahidi olmuşlar. Akademik C.Əliyevin mütərəqqi seleksiya proqramı, xüsusən də bərk buğdanın seleksiyası istiqamətində aparılan tədqiqatlar ölkədə səfərdə olan beynəlxalq nümayəndə heyətlərini hər dəfə heyran etmişdir. Azərbaycanda taxıl sortlarının seleksiyasının  yüksək səviyyəsi CIMMYT-in rəhbərliyində böyük maraq doğurduğundan birgə əməkdaşlıq haqqında protokol 1996-cı ildə imzalanmışdır. Elə həmin dövrdən başlayaraq mütəmadi qaydada hər il iki mindən artıq müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və hibridləri CIMMYT və ICARDA təşkilatlarından Azərbaycana göndərilməyə başlanılmışdır. Onlar akademik C.Əliyevin rəhbərliyi ilə ayrı-ayrı bölgələrdə öyrənilmiş və yeni yerli hibrid nəsillərin yaradılmasında istifadə olunmuşdur.

Onun son illərdə müntəzəm olaraq institutun bölgələrdəki təcrübə bazalarında seleksiya materiallarını qiymətləndirməsi, istehsalat üçün sortların seçilməsi istiqamətində apardığı məqsədyönlü işlər artıq öz bəhrəsini vermişdir. SNSMDK-nın qərarı ilə rayonlaşmış və yüksək arxitektonikaya malik Əzəmətli 95, Qobustan, Nurlu 99, Ruzi 84, Aran, Tale 38, Qırmızı gül1, Qızıl buğda, Zirvə 85, Fatimə, Günəşli, Şəfəq 2 yumşaq buğda sortlarının sürətlə istehsalata tətbiq olunması respublikanın taxıl istehsalının daha da artırılmasına səbəb olmuşdur. Eyni zamanda perspektivli olan  Ləyaqətli 80, Yeganə, Pirşahin 1, Pərvin yumşaq buğda sortları SNSMDK-da sınaqdadır. C.Əliyevin bu sortlarının əsas müsbət cəhətləri əkin səviyyəsində sünbüllərinin bir bərabərdə paylanması, yarpaqlarının qısa və ensiz olub, gövdəyə nisbətən şaquli yerləşdiyindən vegetasiya müddətində uzun müddət fotosintetik fəaliyyətdə olmasıdır. Artıq respublikada geniş əkin sahəsi tutan bu buğda sortlarının optimal becərmə şəraitində məhsuldarlığı hektara 6-8 ton təşkil edir.

C.Əliyevin tədqiqat prioritetlərinə ağır ekoloji vəziyyət, o cümlədən kənd təsərüfatı bitkilərində toplanan radioaktiv parçalanma məhsulları olan radionuklidlərlə torpağın çirklənməsi ilə əlaqədar 1970-ci ildən uzunömürlü nuklidlərin torpaq-bitki örtüyündə paylanma qanunauyğunluqlarının öyrənilməsi də daxildir. Bu elementlərin torpaq-bitki sistemində miqrasiya tsiklinin analizi əsasında Azərbaycanın torpaq-bitki örtüyündə stronsium-90 və sezium-137-nin dövranının ümumi biogeokimyəvi xəritəsi verilmiş, bitkilərin mümkün çirklənmə proqnozları müəyyən olunmuş və bu hallarda kənd təsərrüfatında həyata keçirilməsi zəruri olan praktiki təkliflər işlənib hazırlanmış, başqa sözlə,radiasiya təhlükəsizliyi tədbirlərinin əsaslandırılması üçün istifadə olunan bütün işlər görülmüşdür.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunan 600-  dən artıq elmi əsərdə, o cümlədən 25-dən artıq monoqrafiya və kitabda öz əksini tapmışdır. Müxtəlif ixtiralarına görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. O, iştirakçısı olduğu mötəbər simpozium, konfrans və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Dünyanın bir çox ölkələrinin beynəlxalq təşkilatları, mütəxəssisləri və ölkədə çalışan tanınmış elm xadimləri əldə olunan nailiyyətlərlə tanış olduqdan sonra etiraf etmişlər ki, Azərbaycanda akademik Cəlal Əliyevin rəhbərliyi ilə buğda tədqiqatları üzrə dünyada güclü bir seleksiya mərkəzi yaranmışdır. Nəzəri tədqiqatlara əsaslanan, daima təkmilləşən və dünya elmi ilə müntəzəm olaraq inteqrasiyada olan bu mərkəz daima dinamik inkişaf yolundadır. Yaradılmış elmi baza, zəngin taxıl genofondu, elmi əsaslanldırılmış selekisya proqramı bu mərkəzin əsas hərəkətverici qüvvəsidir.

 Rusiya, Ukrayna, Belorus Kənd Təsərrüfatı Elmləri Akademiyalarının və nüfuzlu elmi şuraların üzvü olmuş Cəlal Əliyev, o cümlədən bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin (1994), Amerika Bitki Bioloqları Cəmiyyətinin (1994), Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin (1998) üzvü olmuşdur. Eyni zamanda YUNESKO yanında «Bioetika, elmi bilikilərin və texnologiyaların etikası» Milli Komitəsinin (1999) və Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin (1999) sədri olmuşdur. Cəlal Əliyev həmçinin 1994-cü ildən etibərən Azərbaycanda «Biologiya Elminin Yeni Sahələrinin İnkişafı» Fondunun (BEYSİF) prezidenti, Bitki Genetik Ehtiyatları üzrə Rəhbər Komitənin sədri və Genetik Ehtiyatlar üzrə Milli Proqramın rəhbəri (1996), Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birliyin səlahiyyətli nümayəndəsi (2004) olmuşdur.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında сərəyan edən mürəkkəb iсtimai-siyasi proseslərdə o, əsil vətəndaş mövqeyi tutmuş, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermişdir. Сəlal Əliyevin 1995-2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olmuşdur. Milli Məclisin deputatı olan akademik C.Əliyev parlamentdə təhsillə, elmlə və kənd təsərrüfatı ilə bağlı məsələlərin müzakirələrində fəal iştirak etmiş və həmişə də öz prinsipiallığı ilə fərqlənmişdir.

Akademik Cəlal Əliyev elm qarşısında böyük xidmətlərinə görə 2 dəfə «Qırmızı əmək bayrağı» (1978, 1986), Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı-«İstiqlal» (1998) və «Şərəf» (2013) ordenləri ilə təltif olunmuşdur.

Dünya şöhrətli alimin yaratdığı elmi məktəb, buğda sortları, zəngin buğda genofondu, yazdığı qiymətli elmi əsərlər  Azərbaycan xalqının Milli sərvətidir. Xalqımız bilməlidir ki, Akademik Cəlal Əliyevin yaratdığı məktəb və onun təmsilçiləri ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi naminə bundan sonra da əzmlə çalışacaqdır. O, yaşadığı bu illər ərzində elmin çətin, lakin şərəfli yollarında böyük dünya elminə nə töhfə veribsə, doğma ölkəmiz, xalqımız, millətimiz, insanların xoş güzaranı naminə etmişdir. Biz görkəmli alim, tanınmış ictimai xadim akademik Cəlal Əliyevin biologiya elminin digər sahələrində eldə etdiyi nailiyyətlərin gələcək nəsillərə irs qalacağına qəlbən inanırıq. Bu irsi yaşatmaq, onu qoruyub gələcək nəsillərə olduğu kimi çatdırmaq yaratdığı elmi məktəbin hər bir üzvünün, Azərbaycan xalqını müstəqil və qüdrətli  bir dövlət kimi görmək istəyən hər bir vətən övladının müqəddəs borcu olmalıdır.  

Görkəmli alim, tanınmış ictimai xadim Cəlal Əlirza oğlu  Əliyevin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!

© 2020 Əkinçilik ETİ