Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu və "Aqrosol" MMC yeni bir layihənin həyata keçirilməsinə start veriblər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) "Şoran ərazilərdə taxıl bitkilərinin yetişdirilməsi üçün torpaqların kimyəvi preparatların köməyilə optimal həddə qədər duzlardan azad edilməsi" layihəsi çərçivəsində tərəflər arasında görüş keçirilib. Layihəyə əsasən respublikanın müxtəlif rayonlarında sınaqlar təşkil ediləcək. "Aqrosol" MMC-nin təklif etdiyi kimyəvi preparat Azərbaycanda ekocoğrafi problemlərdən olan şorlaşmaya məruz qalan torpaqları duzlardan azad edərək məhsul verəcək hala gətirəcək.

Görüşdə ƏETİ-nin direktoru Faiq Xudayev, direktor müavini Qərib Novruzlu, “Torpaq və bitki analizləri” laboratoriyasının müdiri Laçın Novruzov, “Aqrosol” MMC-nin təsisçisi və rəhbəri Tural Mirzəyev iştirak ediblər. Görüş zamanı F.Xudayev aktual məsələlərə toxunub və şorlaşma probleminin həll olmasının vacibliyini xüsusi olaraq vurgulayıb. Q.Novruzlu institut tərəfindən yaradılmış şoranlığa davmalı sortlarla bağlı görülmüş işlərdən danışıb.

L.Novruzov layihə çərçivəsində fevral ayından indiyə qədər görülmüş işlərdən, layihənin məqsədindən və müddətindən danışıb. O, bildirib ki, həyata keçirilən sınaqlardan alınan nəticələrin uğurlu olması, tədqiqatların genişlənməsinə ehtiyac olduğunu göstərir.

Tərəflər arasında layihə çərçivəsində fikir mübadiləsi və müzakirələr aparılıb. Sonda “Aqrosol” MMC-nin rəhbəri T.Mirzəyev institutun rəhbərliyinə təşəkkürünü bildirib və layihənin uğurlu olacağına inandığını söyləyib.

Layihəyə dövlət qurumlarının və özəl şirkətlərin cəlb olunması da istisina edilmir.

© 2020 Əkinçilik ETİ