Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Quraqlıq Probleminə həsr edilmiş tədbirdə iştirak edib

ICBA təşkilatı (Dubay, BƏƏ) tərəfindən “Quraq, daha quraq, ən quraq: Quraqlığın idarə edilməsi, təsirin yumuşaldılması və adaptasiya” mövzusunda onlayn tədbir (Vebinar)  keçirilib. 
Tədbiri giriş sözü ilə baş elmi işçi Dr. A.B.Lopez-Lavalle açıb. Sonra İqlim dəyişmələrinin modelləşdirilməsi üzrə mütəxəssis Rashyd Zaaboul, Torpaq idarəçiliyi üzrə mütəxəssis Dr. A.H.El-Naggar, baş aqronom Dr. N.Nhamo və bioloq M.A.Al Mheiri quraqlığa daha yaxşı necə hazırlaşmaq, təsiri yumşaltmaq və idarə etmək olar və s. suallar ətrafında çıxışlar ediblər. Nəticə olaraq qeyd etmək olar ki, dünyada quraqlığın tezliyi, davametmə müddəti və şiddətli xarakteri yüksəlməkdə davam edir. 
BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının 2022-ci il hesabatına əsasən, 2000-ci ildən indiyə kimi dünyada quraqlığın tezliyi və müddəti 29% artmışdır. Habelə, 1998 - 2017-ci illər ərzində quraqlıq səbəbindən qlobal iqtisadiyyat təxminən 124 milyard ABŞ dolları itirib və bu ekstremal hava hadisəsindən ən çox əziyyət çəkən Afrika ölkələri olub. Bu regionda son 100 ildə  qeydə alınmış 134 quraqlıq hadisəsi yaşanıb. 
Dünyada təxminən 55 milyon insan hər il quraqlıqdan əziyyət çəkir və dünyanın demək olar ki, hər yerində əkinçilik və heyvandarlıq üçün ciddi problemlər yaranır. 
Su qıtlığı artıq dünya əhalisinin 40%-nə təsir etsə də, 2030-cu ilə qədər 700 milyona yaxın insan quraqlıq nəticəsində evlərini tərk etmək məcburiyyətində qalacaqdır. Bundan başqa, quraqlıq dünya əhalisinin 75%-dən çoxuna təsir edə bilər və 4,8-5,7 milyard insan 2050-ci ilə qədər ildə ən azı bir ay su qıtlığından əziyyət çəkə bilər. Buna görə də, bu istiqamətdə təcili tədbirlər görmək və quraqlığın idarə olunması, təsirin azaldılması və adaptasiya üçün strategiyaların işlənib hazırlanması çox vacibdir. 
Quraqlığa qarşı mübarizəyə yönəlmiş təşəbbüsləri dəstəkləyən investisiyalar, təşviqatlər, innovasiyalar və zəruri resurslardan istifadə artırılmalıdır. 
Tədbirdə Əkinçilik ET İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi, b.ü.f.d. Nizami Hümmətov iştirak edib.
© 2020 Əkinçilik ETİ