Xəbərlər

Kinoa bitkisinin və yem bitkilərinin səpini həyata keçirilib

Tərtər və Beyləqan RAEM - lərinə aid əkin sahəsində Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayevin, istehsalat üzrə direktor müavini Atif Zamanovun, laboratoriya müdiri Sevil Abasquliyevanın iştirakilə elmi əsaslarla cəmi 2,5 ha ərazidə kinoa bitkisinin və yem (soya, sorqo, amarant və darı) bitkilərinin səpini həyata keçirilib. Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev bildirib ki, bu layihə ölkəmizdə ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə gerçəkləşdirilir. Kinoa bitkisinin ölkədə əkilməsi əvvəlki illərdə Milli Elmlər Akademiyası tərəfindən də elmi əsaslara uyğun olaraq öyrənilib. Türkiyədən gətirilən toxumun səpini Əkinçilik ET İnstitutu tərəfindən, həm Milli Elmlər Akademiyasının təcrübəsindən bəhrələnməklə elmi əsaslara uyğun olaraq aparılır. İlkin mərhələdə Kinoa bitkisinin cərgəvarı və tirə üsulu ilə əkilməsi planlaşdırılır. Məqsəd bitkinin qidalılıq dəyəri ilə yanaşı, həm də regionlara uyğun xarakterik xüsusiyyətlərini öyrənməkdir. Buna görə bitkinin təkcə Beyləqanda deyil, digər bölgələrdə də əkilməsi planlaşdırılır. Hansı regionda yaxşı məhsuldarlıq alınacaqsa, həmin ərazilərdə Kinoanın kütləvi əkini gerçəkləşə bilər. Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov söyləyib ki, Kinoa suya tələbkar olsa da, bitkinin innovativ qaydada suvarılması əsas şərtdir. Bu amil isə həm suya qənaət etməyə imkan verir, həm də torpağı şoranlaşmadan qoruyur. Eyni zamanda, bitki lazımi səviyyədə su içə bilir. Bu bitki yerli iqlimə uyğun olacağı təqdirdə, fermer təsərrüfatlarında geniş yayılması üçün təsərrüfatlarda təbliğat aparılacaq. Kinoa bitkisinin səpini və becərilməsində istifadə olunan aqrotexniki qaydalardan danışan Əkinçilik ET İnstitutunun əməkdaşı Sevil Abbasquliyeva bildirib ki, bir hektara təxminən 5 kiloqram toxum səpilir. Toxumlar kiçik olduğu üçün torpaqdakı dərinliyi 1-2 santimetr olmalıdır. Cərgəarası məsafə isə 45-60 santimetr arasında dəyişə bilər. Bitkinin vegetasiya dövrü 120 gündür və  sentyabrda məhsul yığılması nəzərdə tutulub. Məhsuldarlıq isə regiona uyğun olaraq dəyişir. Məsələn Kinoa bitkisindən Türkiyədə quraqlıq şəraitdə hər hektara 1,5 ton, suvarılan ərazilərdə isə 2-3 ton məhsul yığılır. Kinoa bitkisinin vətəni olan Cənubi Amerikada isə bir hektar sahədən doqquz ton məhsul əldə edilir. Qeyd edək ki, Kinoa bitkisi dünyada çox yayılmasa da, tərkibindəki protein və yağ kütləsinə görə seçilir. Bu bitkinin dənindən, yaşıl kütləsindən, həmçinin yarpağından da istifadə edilir. Təsadüfi deyil ki, Kinoa bitkisindən əldə olunan qida məhsulunu “kosmonavt yeməyi” də adlandırırlar. Hətta gələcəkdə hər hansısa fəlakət baş verərsə və ya qlobal çətinlik yaranarsa, Kinoa bitkisi “Bəşəriyyətin xilaskarı” da hesab edilir.

© 2020 Əkinçilik ETİ