Xəbərlər

Yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

Aqrar İnnovasiya Mərkəzi ilə (AİM) Rusiya Federasiyasının "Evrika" Elmi-İstehsalat Mərkəzi arasında “Rostok"-yeni aqrokimyəvi maddənin ölkədə müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində sınaqlarının keçirilməsilə bağlı imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində AİM-in təkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) tədbir keçirilib.

Tədbirdə AİM ilə əməkdaşlıq edəcək Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Tərəvəzçilik, Bitki Mühafizə və Texniki Bitkilər, Üzümçülük və Şərabçılıq, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutlarının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AİM-in şöbə müdiri Cavanşir Təlai bildirib ki, bu istiqamətdə fəaliyyət göstərən yerli və xarici şirkətlər AİM tərəfindən aparılan sınağa cəlb ediləcək. C.Təlai “Rostok"-yeni aqrokimyəvi maddənin kimyəvi tərkibi, istifadə qaydaları, üstünlükləri haqqında ətraflı məlumat verib. Bitkilərin məhsuldarlığının və stres təsirlərə qarşı davamlılığının artırılmasında, immunitetinin gücləndirilməsində, böyümə və inkişafının tənzimlənməsində mühüm rol oynayan "Rostok” yeni aqrokimyəvi maddənin sınaqları təsdiqlənmiş iş planına əsasən sözügedən tədqiqat müəssisələrinin təcrübə təsərrüfatlarında 27 hektar sahədə və 12 müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində aparılacaq.

Tədbirdə iştirak edən ƏETİ-nin direktoru Faiq Xudayev öz cıxışında diqqətə catdırıb ki, bu gün AİM qarşısında duran başlıca məqsəd kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi, fermerlərin innovasiyalara əlçatanlığının təmin olunması, innovativ həllərə əsaslanan qabaqcıl texnoloji yeniliklərin tətbiqi, təbliği və təşviqi üzrə onlara metodikı və praktiki dəstəyin göstərilməsi və s. ibarətdir. O, bugünki tədbirin bu nöqteyi-nəzərdən təqdirəlayiq olduğunu vurğulayıb.

Tədbirin sonunda sınaq məqsədilə Azərbaycana gətirilən yeni aqrokimyəvi maddə əməkdaşlıq ediləcək institutlara paylanıb və tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ