Sortlar

KƏNAN

Yumşaq buğda sortu

Sort müəllifləri: Rüstəmov X.N., Xudayev F.A., Abdullayev A.M., Hacıyeva S.K., Həsənova  Q.M., İbrahimov E.R., Qasımov S.V.

Qısa ümumi xarakteristikası: Kənan sortu intensiv tipli, qısa boyludur (66,0-80,0 sm), samanı orta yoğunluqda və möhkəmlikdə, yatmaya yüksək davamlıdır. Cücərtiləri açıq yaşıl rəngdə, yarımyerəsərilən - həyat tərzi yarımpayızlıq, ortayetişəndir. Sünbülü piramidal, qılçıqlı, orta uzunluqda (8,8-10,0 sm), orta sıxdır - sünbül oxunun 10 sm-də (D) 19,0-20,7 sünbülcük yerləşir. Sünbülcük pulcuqları tükcüksüz-çılpaq, uzunsov formada, ağ rəngli, yarımzərifdir. Damarlanması zəifdir, amma til yaxşı ifadə olunmuşdur. Sünbülcüyün əsasında basıqlıq zəif ifadə olunmuşdur, til dişciyi 2,0-3,0 mm, düzdür, çiyni zəif inkişaf etmiş çəpdir. Qılçıqları sünbüldən 5,0-6,0 sm uzun, dağınıq, zəif kələ-kötür, ağ rənglidir. Sünbülün döyülməsi asandır. Dəni orta ölçüdə, yumurtavari-oval, qırmızı rəngli, orta şüşəvaridir (42,0-43,0%), kəkil yaxşı inkişaf etmişdir, şırımı dayaz, ensizdir.

Kənan sortunun pоtеnsial məhsuldarlığı orta, sabitdir – 58,3-69,7 s/ha. Becərmə illərindən asılı olmayaraq sabit orta məhsuldarılğa malik, adaptiv sortlardandır. MSS pitomnikində 3 illik orta məhsuldarlığı 65,5 - 6,3 s/ha, standart Qırmızıgül 1 (54,9-2,5) sortundan 10,6 s/ha yüksək, Əsgəran (65,8-12,2) yumşaq buğda sortu ilə isə bərabər olmuşdur. Tərtər BTS-də keçirilmiş stansiyadaxili sınaqda Kənan sortunun orta məhsuldarlığı (56,5 s/ha) yarımpayızlıq Əsgəran (47,8 s/ha) yumşaq buğda sortundan 8,7 s/ha yüksək olmuşdur. Kənan sortunda 1000 dənin kütləsi 43,2-44,4 q, natura kütləsi 785,0 q, əsas sünbüldə dənlərin sayı 53,8-74,0 ədəd, əsas sünbüldə dənlərin kütləsi 2,1-3,8 qramdır. Dəndə zülalın miqdarı ortadır 11,7-14,5%, kleykovina isə 24,4-30,8% arasında dəyişir. Çörəyin həcmi (550-600 cm3) və ümumi qiyməti (4.5 bal) yüksəkdir.

Kənan sortunun məhsuldar kollanması orta (3,4-4,0 ədəd) olduğundan, hektara 3,5-4,0 milyon toxum səpildikdə məhsuldarlığı yüksək olur. Qışa, şaxtaya, quraqlığa, yüksək temperatura davamlılığı orta yüksəkdir. Bərk və toz sürmə, unlu şeh, sarı, qonur və gövdə pası xəstəliklərinə davamlıdır. Sələf kimi pambıq və digər cərgəarası becərilən bitkilər, qara və bitkili herik daha səmərəlidir. İntensiv tipli Kənan sortu yüksək aqrofona tələbkardır. Yüksək və keyfiyyətli dən məhsulu almaq üçün hektara, təsiredici maddə hesabı ilə 90,0-120,0 kq azot (səpin vaxtı və yemləmə), 90,0-120,0 kq fosfor və 50,0-60,0 kq kalium gübrələri verilməlidir. Optimal səpin müddəti oktyabrın ikinci, noyabrın birinci ongünlüyüdür.

Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Suvarılan düzən və nəmliklə tam təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunur.

© 2020 Əkinçilik ETİ