Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Şəmkirdə tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Şəmkir rayonunda “Kinoa və yem bitkilərinin fermer tsərrüfatlarında nümayiş əkinlərinin təşkili” mövzusunda tədbir keçirilib.

Tədbirdə Əkinçilik ETİ-nin "Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi" laboratoriyasının müdiri Sevil Abbasquliyeva, "Davamlı Əkinçilik və bitki diversifikasiyası" şöbəsinin müdiri Təmraz Təmrazov, "İnformasiya təminatı və elmi nəticələrin tətbiqi" şöbəsinin aparıcı mütəxəssisi Fərid Qəhrəmanzadə, Ağstafa YTT, Gədəbəy DM və Şəmkir DAİM –in nümayəndələri iştirak ediblər.

Məqsəd bir sıra ənənəvi və qeyri ənənəvi bitkilərin becərmə texnologiyalarının öyrənilməsi və geniş ərazilərdə, fermer təsərrüfatlarında tətbiqinin nəticələrinin nümayiş etdirilməsidir.

Tədbir çərçivəsində fermer Mehman Tağıyevin müraciətinə əsasən Şəmkir rayonu Morulu kəndində yerləşən təsərrüfatında may ayında aparılmış əkindən 90 günlük kinoa bitkisinin sahəsinə baxış keçirilib və dən məhsulunun yığımı aparılıb.

Fermer təsərrüfatında həmçinin soya və amarant bitkilərinin də əkini aparılıb. Əkinçilik ETİ-nin əməkdaşları öncə təşərrüfata baxış keçirib və lazımi torpaq becərməsi üsulu tövsiyə olunub, eləcə də səpində iştirak edilərək, kinoada səpin norması 5 kq, amarantda 3 kq və soyada 60 kq olmaqla əkin aparılıb. Bütün vegetasiya dövrü ərzində sahələrdə müvafiq müşahidə və qiymətləndirmə işləri həyata keçirilib.

Tədbirdə amarant, amarant unu 30 %, buğda kəpəyi və unu, eləcə də amarant, kinoa, çiya və buğda kəpəyi qatqılı təbii maya ilə hazırlanmış çörəklərin dequstasiyası keçirilib.

© 2020 Əkinçilik ETİ