Xəbərlər

“Kənd təsərrüfatı bitkilərinin introduksiyası və seleksiyasında fiziologiya və biokimyanın rolu” mövzusunda beynəlxalq elmi konfrans və forum keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov Moskvada onlayn formatda keçirilən “Kənd təsərrüfatı bitkilərinin introduksiyası və seleksiyasında fiziologiya və biokimyanın rolu” mövzusunda VII beynəlxalq elmi-metodiki konfrans və "Biriulevoda bağ günləri: Rusiya Federasiyasında kənd təsərrüfatının davamlı inkişafı üçün fundamental elm" çərçivəsində baş tutan XII beynəlxalq forumda çıxış və poster nümayiş edib. T.Təmrazov tərəfindən təqdim olunan məqaləyə konfransın elmi-təşkilat komitəsinin üzvləri tərəfindən müsbət rəy verilib və konfransın əsas bölməsində yer alıb. O, beynəlxalq konfransda “Determining The Effect Of Drought On The Change Of The Main Physiological Parameters In The Studied Different Wheat Genotypes” (“Tədqiq olunan müxtəlif buğda genotiplərində quraqlığın əsas fizioloji parametrlərin dəyişməsinə təsirinin müəyyən edilməsi” ) mövzusunda çıxış edib.

Konfransın qərarına əsasən iştirakçılar kənd təsərrüfatı bitkilərinin seleksiyası və fiziologiyası sahəsində fundamental və tətbiqi tədqiqatların aşağıdakı problemlərinin həllini prioritet hesab ediblər: kənd təsərrüfatı bitkilərinin böyüməsi, inkişafı və məhsuldarlığı; bitkilərin fotosintezi, tənəffüsü, mineral qidalanması və su mübadiləsi, ali bitkilərin hüceyrələrinin siqnal sistemləri; bitkilərdə stress və uyğunlaşma, fizioloji və biokimyəvi müdafiə mexanizmləri və bitkilərin abiotik və biotik amillərin təsirinə reaksiyaları; kənd təsərrüfatı bitkilərinin keyfiyyətinə və müqavimətinə görə introduksiya və seleksiyada qiymətli genotiplərin müəyyən edilməsi üçün fizioloji və biokimyəvi göstəricilərdən istifadə edilməsi; kənd təsərrüfatı bitkilərinin bioloji aktiv və qiymətli qida maddələri; texnogen çirklənmənin kənd təsərrüfatı bitkilərinin fizioloji və biokimyəvi proseslərinə təsiri; kənd təsərrüfatı bitkilərinin antioksidantları-kənd təsərrüfatında, funksional qidalanmada, tibbdə və farmakologiyada, kosmetologiyada antioksidantlardan istifadənin biotibbi və texnoloji aspektləri; kənd təsərrüfatı bitkilərinin istehsal prosesinin foton nəzarəti, dağıdıcı olmayan sınaq üsulları ilə bitkilərin vəziyyətinin diaqnostikası.

 Konfransın yekununda sertifikat təqdim edilib.

© 2020 Əkinçilik ETİ