Xəbərlər

Çexiya Respublikasının Pomoloji Tədqiqat və Seleksiya İnstitutunun nümayəndələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar

Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) dəvəti və təşkilatçılığı Çexiya Respublikasının Pomoloji Tədqiqat və Seleksiya İnstitutunun mütəxəssisləri Elmi Komitənin sədri Dr. Jiri Sedlak, Meyvə genetik ehtiyatları şöbəsinin müdiri Dr. Boris və ƏETİ rəhbərliyi arasında əməkdaşlıq görüşü baş tutub.
Azərbaycana ilk dəfə səfər edən nümayəndələr ƏETİ-nin müşayiəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda və KTN Meyvəçilik və Çayçılıq ET İnstitutunda olublar. Kollektivlə keçirilən görüşdə tərəflər arasında əməkdaşlıq çərçivəsində fikir mübadiləsi və müzakirələr aparılıb.
Çex Respublikasının Pomoloji Tədqiqat və Seleksiya İnstitutunun nümayəndələri ilə keçirilən görüşdə institutun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini xanım Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini Qərib Novruzlu və institutun əməkdaşları iştirak ediblər. 
F.Xudayev görüş zamanı qonaqlara ətraflı məlumat verərək bildirib ki, Əkinçilik ETİ-nin elmi fəaliyyət istiqaməti ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı, çəltik), paxlalı (noxud, mərcimək) və yem bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərinin yaradılması, onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanaraq tətbiqi və yayımından ibarətdir. Bu istiqamətdə institutda buğda və çəltik, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik üzrə yerinə yetirilən 6 tədqiqat proqramı, 16 mövzu və 39 tədqiqat işi aparıldığını diqqətə çatdırıb. Sonra o, institutun respublikada kənd təsərrüfatı istehsalının artırılmasında prioritetləri, potensial imkanları və fəaliyyət istiqamətləri, institutun mandatına daxil olan bitkilər və rayonlaşdırılmış sortları və onların respublika taxıl əkinlərində payı, təcrübə bazaları haqqında məlumat verib.
F. Xudayev həmçinin ƏETİ-nin Elmi Əsərləri Məcmuəsinin (ISSN 2664-4037) həyata keçirilən fəaliyyətlər nəticəsində Azərbaycanın dövri elmi nəşri olaraq FAO-nun biotexnologiya, bitki mühafizəsi, baytarlıq, kənd təsərrüfatı avadanlığı və maşınları, qida məhsulları istehsalı texnologiyası, təbii ehtiyatlar və s. kimi kənd təsərrüfatının bütün məsələləri və əlaqəli sahələr üzrə məlumatları ehtiva edən AGRIS Bazasında indeksləşdirildiyini və xüsusi identifikasiya kodu aldığını bildirib.
ƏETİ-nin kollektivi ilə tanışlıq zamanı Elmi Komitənin sədri Dr. Jiri Sedlak Çexiya Respublikasının Pomoloji Tədqiqat və Seleksiya İnstitutu haqqında geniş təqdimatla çıxış edib. O, diqqətə çatdırıb ki, institut meyvə tədqiqatları, kənd təsərrüfatı tədqiqatları və biotexnologiya sahəsində aktiv fəaliyyət göstərir. Həmçinin Dr. Jiri Sedlak Çexiya Təhsil Nazirliyinin “Aqrar Tədqiqat İnstitutları tərəfindən təqdim olunan beynəlxalq tədqiqatlarda layihə xidmətlərinin keyfiyyətinin və davamlılığının təmin edilməsi” layihəsini təqdim etmək istədiklərini də bildirib.
Təqdimat iştirakçıların marağına səbəb olub, mövzu ətrafında meydana çıxan suallar cavablandırılıb.
Sonra nümayəndə heyəti ƏETİ ilə əyani tanışlıq məqsədilə institutun muzeyinə, Genbanka, şöbə və laboratoriyalarına baxiş keçiriblər.
Əməkdaşlıq görüşünün nəticəsi olaraq biotexnologiya sahəsində aparılan müasir elmi-tədqiqatlarla tanışlıq, yeni metodların mənimsənilməsi, kadr hazırlığı, özəl sektorla iş birliyi təcrübəsindən yararlanmaq və s. istiqamətlərdə əlaqələrin yaradılması üçün tərəflər arasında razılıq əldə olunub.
© 2020 Əkinçilik ETİ