Xəbərlər

Lənkəran rayonunda “Çəltiyin seleksiyası və toxumçuluğu” üzrə tarla seminarı keçirilib

Lənkəran rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Çəltiyin seleksiyası və toxumçuluğu” üzrə tarla seminarı keçirilib. 
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Lənkəran DAİM-in direktor müavini Fizuli Zaidov, ƏETİ-nin “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev, “Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası” şöbəsinin müdiri Təyyub Rzayev, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva, Masallı DAİM-in direktoru Seymur Nuriyev, Astara DAİM-in direktor müavini Tağı Şirinov, Ucar və Göyçay rayonlarının fermerləri iştirak ediblər. 
Tarla seminarında iştirakçılara görülən işlər barədə ətraflı məlumat verilib. İlk dəfə olaraq respublikada elmi əsaslarla çəltiyin seleksiya işlərinin aparılması, toxumçuluğunun təşkili, super elit və elit toxum istehsalı fermerlər tərəfindən yüksək qiymətləndirilib. Artıq cari ildən çəltikçilik sahəsində sertifikatlı toxum istehsalının həyata keçiriləcəyi və toxumla bağlı çətinliklərin yaxın iki il ərzində həllini tapacağıq iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda institutun alimləri tərəfindən aparılan seleksiya işləri nəticəsində Dövlət Aqrar Xidmətlər Agentliyinə rayonlaşma üçün iki sort nümunənin təqdim olunacağı və cari ildə 1,5 ton super elit, 0,7 ton artırma toxumunun istehsal ediləcəyi vurğulanıb.
Tədbirdə iştirak edən mütəxəssis və fermerlər çəltik əkin sahələrinə baxış keçiriblər. Dəvət olunmuş fermerlərlə müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
© 2020 Əkinçilik ETİ