Xəbərlər

Növbəti toxum sərgi-satış yarmarkası Hacıqabul rayonunda keçirilib

Hacıqabul rayonunda “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkında növbəti toxum sərgi-satış yarmarkası təşkil olunub. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC,  Dövlət Toxum Fondu, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər.

Tədbirdə Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək bildirib ki, hər il olduğu kimi bu il də toxum satış yarmarkalarına maraq böyükdür: “Yüksək məhsuldarlığın əldə olunması üçün ilk addım keyfiyyətli, sertifikatlaşmış toxumdan başlayır. Əkin materialının düzgün seçilməsi yekun nəticədə fermerin yüksək məhsuldarlıq və daha çox gəlir əldə etməsinə səbəb olur. Hər il sahələrdən yüksək məhsuldarlıq əldə edən fermerlərin sayı artır. Burada düzgün aqrotexniki qulluq qədər, düzgün toxum seçimi də mühüm rol oynayır. Bu cür yarmarkalar həm fermerlərin keyfiyyətli toxuma əlçatanlığını təmin edir, həm də toxum bazarının formalaşmasına da müsbət təsir göstərir”.

Yarmarkada Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktor müavini Şikar Əhmədov, Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov, Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova və stansiyanın əməkdaşları  iştirak ediblər. Sərgidə biotik və abiotik amillərə davamlı yeni və yüksək məhsuldar arpa, buğda, qargıdalı, noxud, mərci və yonca sortlarının toxumlarını təqdim edərək, onlar haqqında iştirakçılara ətraflı məlumat verilib. Fermerlərə yerli sortların üstünlükləri izah edilib. Taxıl istehsalçılarına sortların bölgələr üzrə yerləşdirilməsi, seleksiya işlərinin qurulması, onların bioloji xüsusiyyətləri və yetişdirilmə aqrotexnikaları haqqında ətraflı məlumat verilib.

Suvarma, nəmliklə təmin olunmuş və olunmamış dəmyə şəraitləri üçün ƏETİ tərəfindən yaradılan sortlar maraq doğurub. İştirakçılara yeni sortların aqrobioloji xüsusiyyətləri və becərilmə aqrotexnikaları haqqında bukletlər paylanılıb.

© 2020 Əkinçilik ETİ