Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Türkiyədə keçirilən bitki seleksiyası üzrə beynəlxalq təlimdə iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Əkiniçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova Türkiyənin Mersin və Adana şəhərlərində bitki seleksiyası üzrə keçirilən beynəlxalq təlimdə iştirak edib.

Təlim Alata Bağçılıq Elmi-Tədqiqat (Alata Bahçe Kültürleri Araştırma Enstitüsü) və Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Tədqiqatları İnstitutlarında (Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü) kənd təsərrüfatı tədqiqatları sahəsində məlumat mübadiləsinin və potensialın inkişafının dəstəklənməsi, elmi və texniki imkanları gücləndirmək məqsədi daşıyıb. FAO-FTTP II Layihəsi çərçivəsində TAGEM-in hədəfölkələrin - Azərbaycan, Qırğızıstan, Özbəkistan və Moldova nümayəndələri üçün təşkil edilib.

Təlimdə Türkiyənin tədqiqatçı alimləri tərəfindən tərəvəz və bostan, buğda, qarğıdalı və pambıq bitkilərinin seleksiyasında tətbiq edilən müasir metodlar üzrə ətraflı təqdimatlar edilib.

Molekulyar biologiya və genetika üzrə Doble Haploid, Sürətli Seleksiya, Toxuma Kulturası kimi müasir metodlarla tanışlıq, hibrid qarğıdalı sahəsində tozlandırma, yığım və dənə görə seçmə prinsiplərinə əsaslanan praktiki məşğələlər aparılıb, hər iki institutda biotexnologiya, dən keyfiyyəti, qida təhlükəsizliyi, aqrokimya laboratoriyalarında aparılan analizlər və müvafiq cihaz və qurgular, onların iş prinsipi, yeni metod və üsullarla tanışlıq həyata keçirilib.

Həmçinin Adana proqramı çərçivəsində Cümhuriyyət Məhəlləsində yerləşən Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunda yaradılan məhsuldar və eləcə də ekoloji təmiz tekstil məhsulları istehsalı üçün önəmli olan “Sarı gəlin” və s. kimi rəngli pambıq sortları əkininə baxış zamanı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Naziri Prof. Dr. Vahit Kirişçi ilə görüş keçirilərək, elm və təhsil sahəsində dənli taxıl, paxlalı və yem bitkiləri üzrə birgə layihələrin həyata keçirilməsində ölkəmizlə əməkdaşlıq prioritetləri müzakirə edilib.

© 2020 Əkinçilik ETİ