Xəbərlər

İnstitutun əməkdaşları “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər

İnstitutun əməkdaşları “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda iki günlük beynəlxalq konfrans keçirilib. Vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qarabağ həqiqətlərini, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərini, Şuşa və digər azad olunmuş rayonlarımızda baş tutan tədbir və festivalları əks etdirən videoçarx nümayiş olunub, Dövlət Himni səsləndirilib.
Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov müstəqil dövlətçiliyimizin, ərazi bütövlüyümüzün, milli mənliyimizin xilası olan 44 günlük Vətən müharibəsinin Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. AMEA  rəhbəri vurğulayıb ki, bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, kommunikasiya xətlərinin çəkilişi, ağıllı kənd və şəhərlərin tikintisi, “yaşıl” iqtisadiyyat prinsipləri ilə müxtəlif təsərrüfat sahələrinin təşəkkülü sürətlə davam edir. 
Bugünkü konfransın Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsinə dair AMEA-nın tədbirlər planı haqqında” 2 fevral 2022-ci il tarixli qərarı əsasında keçirildiyini xatırladan akademik A.Həşimov tədbirin elmi ictimaiyyətdə böyük maraq doğuracağına, yeni dövr üçün məqsədlərin seçilməsinə, planların həyata keçirilməsinə kömək edəcəyinə inamını ifadə edib, konfransın işini açıq elan edib.
Daha sonra İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) katibliyində baş koordinator olan professor Muhammad İqbal Choudharinin videomüraciəti dinlənilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini, professor Elçin Zeynalov işğaldan azad olunmuş ərazilərimizin böyük potensiala malik olduğunu qeyd edib, xüsusən Şuşa şəhərinin zəngin irsi ilə seçildiyini və dünyanın mədəni mərkəzlərindən biri olduğunu vurğulayıb. O, böyük aqrar potensiala malik olan işğaldan azad edilmiş ərazilərimizlə bağlı statistik məlumatları diqqətə çatdırıb. 
Tədbirdə çıxış edən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov azad olunmuş ərazilərimizdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə atılan addımlara baxmayaraq, son 30 ilə yaxın davam edən işğal dövründə meşə sahələrinin, flora və faunanın, o cümlədən təbiət abidələrinin məhv edilməsi, su resurslarının çirkləndirilməsi və təbii sərvətlərin qeyri-qanuni istismar olunması nəticəsində bu ərazilərdə ekoloji tarazlığın pozulduğunu bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Qarabağda elmi tədqiqatların gələcək inkişafı üçün mühüm rol oynayacaq vacib tədbirlərdən olan bugünkü mötəbər konfransın 27 sentyabr - Anım Gününə bir neçə gün qalmış keçirilməsinin özünəməxsus simvolik məna yükü daşıdığını bildirib.
“Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda ilk oxşar konfransın AMEA-da 20-21 may 2021-ci il tarixlərində uğurla həyata keçirildiyini xatırladan vitse-prezident bu tədbirin işğaldan azad edilmiş bölgələrə elmin böyük qayıdışı ilə bağlı müvafiq yol xəritəsinin müəyyənləşdirilməsi, əldə edilmiş ilkin tədqiqatların nəticələrinin elmi ictimaiyyətə çatdırılması, növbəti tədqiqatları stimullaşdırmaq və bu istiqamətdə elmi ictimaiyyəti səfərbər etmək vəzifəsini daşıdığını diqqətə çatdırıb.
Konfransda həmçinin Yaxın Şərq Universitetinin professoru Şimali Kipr Türk Cümhuriyyətinin Ətraf Mühit Mərkəzinin direktoru Salih Gücel, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov, Təbriz Tibb Universitetinin professoru Əziz Eftikhari, “AgroDairy” MMC-nin kənd təsərrüfatı üzrə müşaviri Məmmədzadə Nəbiyev çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib, tədbirin yekunlarının işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına böyük töhfə verəcəyini bildiriblər. 
“Zoom” plaforması üzərindən onlayn formada keçirilən paralel bölmə iclaslarında “Qarabağın geoloji öyrənilməsi: qısa tarix və tədqiqatların inkişaf strategiyası”, “Şuşa və ətraf ərazilərin itmək təhlükəsində olan ali bitkiləri”, “İşğaldan azad edilmiş ərazilərin fauna müxtəlifliyinin monitorinqi”, “Qarabağın azad edilmiş ərazilərində radioekoloji tədqiqatlar” və digər məruzələr dinlənilib.
Həmçinin Qarabağ bölgəsi üçün yeni buğda sortlarının yaradılması və ərzaq təhlükəsizliyinin təminatı, su ehtiyatları, Şuşa və ətraf ərazilərdə uzunömürlülük problemləri və s. mövzular ətrafında müzakirələr aparılıb. Konfranın ikinci günü onlayn paralel seksiya iclasları davam edib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları konfransda iştirak ediblər.
© 2020 Əkinçilik ETİ