Xəbərlər

İnstitutun əməkdaşları Şuşada keçirilən beynəlxalq konfransın bağlanış mərasimində iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda keçirilən iki günlük beynəlxalq konfransın bağlanış mərasimi Şuşada, Cıdır düzündə baş tutub. Bağlanış mərasimində Biologiya və Tibb, Yer, eləcə də Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinə daxil olan institut və təşkilatların nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bağlanış mərasimində AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Neft-Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru Asif Manaflı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zaman Məmmədov, Yaxın Şərq Universitetinin professoru, Şimali Kipr Türk Cümhuriyyətinin Ətraf Mühit Mərkəzinin direktoru Salih Gücel, Təbriz Tibb Universitetinin professoru Əziz İftixari və digərləri çıxış edərək konfransın fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, tədbirdə səsləndirilən fikir və təkliflər Qarabağla bağlı aparılan tədqiqatlara öz əhəmiyyətli töhfəsini verəcək.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə Azərbaycan alimlərinin azad edilmiş ərazilərdə elmi tədqiqatların bərpasına baxışlarını əks etdirən müraciətin ünvanlanması qərara alınıb.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rasib Zeynalov və aqrar elmlər üzrə fəlsəfə doktoru Rəhminə Zamanova konfransın bağlanış mərasimində ən yaxşı məqalə müəllifləri kimi iştirak ediblər.

Konfrans iştirakçıları Şuşa şəhərində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsinə, şəhərin tarixi mərkəzini əhatə edən qala divarları-Şuşa qalasına, eləcə də “Güllələnmiş heykəllər” adlandırılan və Bülbülün ev muzeyində yerləşən Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəllərinə baxış keçiriblər.

© 2020 Əkinçilik ETİ