Xəbərlər

20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda "Qanlı 20 Yanvar" faciəsinə həsr edilmiş anım tədbiri keçirilib. Anım tədbiri 20 Yanvar şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan institutun direktoru Faiq Xudayev 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar faciəsi” kimi daxil olduğunu qeyd edib və sovet dövlətinin hərb siyasətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətilamı Azərbaycan xalqının tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu vurğulayıb. O qeyd edib ki, bu faciə zamanı Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. 20 Yanvar hadisəsi nəticəsində SSRİ Konstitutsiyası və Azərbaycan SSR Konstitutsiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suverenliyinə zərbə endirilib. Bununla belə, Qanlı 20 yanvar  müstəqilliyimizə gedən yolda xalqımızın şərəf və qəhramanlıq salnaməsi olduğunu bildirib.

Tədbirdə institutun əməkdaşlarından faciə ilə bağlı xatirələrini bölüşüblər.

Sonda “Qanlı 20 Yanvar” faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

© 2020 Əkinçilik ETİ