Xəbərlər

Türkiyənin Ayer Qida və Toxumçuluq şirkətinin nümayəndələri ilə çəltik toxumçuluğu sahəsində müzakirələr aparılıb

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli 3657 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”-nın həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər hazırlayır. 
Proqram üzrə qarşıda duran vəzifələrdən biri də çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradılmasıdır.
Azərbaycanda səfərdə olan Türkiyənin Ayer Qida və Toxumçuluq şirkətinin nümayəndələri ilə ƏETİ-də keçirilən müzakirələrin məqsədi çəltik toxumçuluğunun inkişaf etdirilməsi olub. 
Görüş zamanı həmin şirkətlə mümkün əməkdaşlıq imkalarının yaradılması, yüksək və məhsuldar çəltik sortlarının Türkiyədən introduksiyası və yerli şəraitdə sınağının aparılması, kadr hazırlığı və informasiya mübadiləsi istiqamətində müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq aşağıdakı məsələlər barədə qarşılıqlı razırlıq əldə olunub:
• Çəltiyin seleksiyası və toxumçuluğu sahəsində sıx əməkdaşlığın yaradılması və davam edtirilməsi;
• ƏETİ tərəfindən ilkin sınağın aparılması üçün Azərbaycan şəraitinə uyğun sort nümunələrin (5-10) əkin mövsümünə qədər instituta göndərilməsi;
• Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş Dövlət Reyestrinə daxil etmək məqsədilə, şirkətin tövsiyə etdiyi çəltik sortlarının Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən sınağının aparılmasına dəstək göstərmək;
• Çəltik toxumçuluğunun təşkili sahəsində Ayer Qida və Toxumçuluq şirkətinin təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi üzrə tədbirlər görmək.
Müzakirələrdən sonra nümayəndə heyəti institutun şöbə və laboratoriyaları, həmçinin aparılan elmi-tədqiqat işləri ilə tanış olub.
© 2020 Əkinçilik ETİ