Xəbərlər

İnstitutda əməkdaşlıq görüşü keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin, xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə olunması üzrə regional əməkdaşlıq və milli imkanların gücləndirilməsi layihəsi (CAC-Rust) çərçivəsində əməkdaşlıq görüşü keçirilib.

Görüşdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, direktor müavini Qərib Novruzlu, şöbə müdiri Pərvanə Məmmədova, qarşı tərəfdən layihənin milli koordinatoru Ceyhun İbrahimov, aparıcı texniki mütəxəssis Fazıl Düşünceli, layihə asistenti Rovşan Saparmammadov, kiçik texniki mütəxəssis Veysel Dönderalp və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Nezih Tavlaş iştirak ediblər.

Görüş zamanı tanışlıq məqsədilə ətraflı məlumatlar diqqətə çatdırılıb. F. Xudayev institutun strukturu, kadr potensialı, prioritet istiqamətləri, fəaliyyət istiqamətləri, tədqiqat proqramları, institut tərəfindən yaradılmış və patentləşmiş sortlar və s.haqqında ətraflı məlumat verib.

Fazıl Düşünceli görüş zamanı bildirib ki, CAC-Rust layihəsi Mərkəzi Asiya və Qafqaz ölkələrinin qarşılaşdığı problemləri həll etmək üçün hazırlanıb. Layihə mühüm sahələrdə fəaliyyətləri dəstəkləyəcək. Belə ki, regional əməkdaşlıq və şəbəkələşmənin asanlaşdırılması, milli texniki mütəxəssislərin hazırlanması; pas xəstəliklərinin qlobal monitorinq sisteminin dəstəklənməsi üçün xəstəliklərin izlənməsi, növlərin təhlili və xəritələndirilməsinə dəstək; geniş yayılmış növlərin xəstəliyə dözümlü keyfiyyətlərinin xarakteristikası; davamlı növlərin yetişdirilməsi üçün seleksiya proqramlarına dəstək; xəstəliklərlə inteqrir mübarizə və fermerlərin təlimi; aidiyyatı qurumların pas xəstəlikləri ilə mübarizə imkanlarının gücləndirilməsi məsələləri üzrə işlər aparılacaq.

Tərəflər arasında danışıqlar zamanı Azərbaycanda buğda bitkisində pas xəstəliklərinin idarə edilməsi, əməkdaşlıq perspektivləri və istiqamətləri çərçivəsində müzakirələr aparılıb və təkliflər irəli sürülüb.

© 2020 Əkinçilik ETİ