Xəbərlər

Quraqlıqdan əziyyət çəkən sahələr üçün yeni layihəyə başlanılır

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) və Bakı Ali Neft Məktəbinin əməkdaşlarının birlikdə “Su tutucu hidrogellərin əkinçilikdə tətbiqinin perspektivləri” layihəsini icra etməsi nəzərdə tutulur.

Məlumdur ki, bütün dünyada qlobal istiləşmə və onu müşaiyət edən quraqlıq problemləri, su və ərzaq qıtlığı ilə əlaqədar ciddi çatışmazlıqlara  səbəb olur. Hal-hazırda bu məsələ ilə bağlı dünyada və ölkəmizdə yaranan problemlərin izlərini müşahidə etməmək mümkün deyil. İqlim dəyişiklikləri fonunda baş verən bu problemlərlə bağlı, yəni qeyri-adi keçən isti qış fəsli, yayda çayların və su anbarlarının yenidən qurumasının gözlənilməsi, su elektrik enerjisi istehsalının azalması və bir çox kənd təsərrüfatı bitkilərinin məhv olması ilə əlaqədar olaraq mütəxəssislər həyəcan təbili çalırlar.

Nəzərə alsaq ki, Azərbaycanda kənd təsərrüfatı istehsalında istifadə olunan əkinə yararlı torpaqların əhəmiyyətli bir hissəsi dəmyə şəraitində becərilir və bu sahələrdə quraqlığın fəsadlarının arealı əkin  sahələrində ilbəil artır, belə bir şəraitdə Bakı Ali Neft Məktəbi və ƏETİ-nin qarşılıqlı əməkdaşlığı ilə bu məsələnin həlli istiqamətində müəyyən addımların atılmasını məqsədəuyğun hesab edilir. Belə ki, Bakı Ali Neft Məktəbinin əməkdaşlarının istehsal etdikləri preparat – sututucu hidrogel öz çəkisindən əhəmiyyətli dərəcədə artıq miqdarda suyu tutub saxlamaq qabiliyyətinə malikdir. Bu preparatın dəmyə şəraitində, eyni zamanda susaxlama qabiliyyəti zəif olan torpaqlarda tətbiqi torpaq nəmliyi və bitkilərin məhsuldarlığın artırılması baxımından faydalı ola bilər.

İddia edilən preparatın effektivliyini yoxlamaq, kənd təsərrüfatında tətbiqinin səmərəliliyini qiymətləndirmək məqsədilə ƏETİ-də taxıl bitkiləri altında üçmərhələli layihə icra olunacaq. İlkin mərhələdə laboratoriya şəraitində iddia edilən preparatın toxumların cücərməsinə təsiri və ya təsirlərini müşahidə etmək məqsədilə təcrübələrin aparılması nəzərdə tutulub. Belə ki, ilkin mərhələnin nəticələrindən asılı olaraq, sonrakı mərhələlərdə preparatın tarla sınaqlarında və təsərrüfat şəraitində tətbiq  edilməsi,eləcə də iqtisadi səmərəliliyinin hesablanması aparılacaq. Bu məsələ ilə bağlı Bakı Ali Neft məktəbinin əməkdaşları Elmar Əsgərzadə, Malik Sultanov, həmçinin, ƏETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, "Torpaq və bitki analizləri" laboratoriyasının əməkdaşları Laçın Novruzov və Əsmər Əhmədovanın iştirakı ilə institutun “Torpaq və bitki analizləri” laboratoriyasında müzakirələr aparılıb.

Müzakirələrin sonunda bu layihəyə ƏETİ-nin “Torpaq və bitki analizləri” laboratoriyasının böyük elmi işçisi Əsmər Əhmədovanın rəhbərlik etməsi qərara alınıb.

© 2020 Əkinçilik ETİ