Xəbərlər

Balakən və Qax rayonlarında toxum sərgi-satış yarmarkaları keçirilib

Payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək, toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Balakən və Qax rayonlarında keçirilib.

Yarmarkada dənli (arpa, buğda), tərəvəz, pambıq bitki sortları və toxumları sərgilənib, satışı həyata keçirilib.

Toxum sərgi-satış yarmarkalarında Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən toxumçular və bu sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər. Yarmarkalarda əkin materialı kimi sertfikatlı toxumdan istifadənin üstünlükləri, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu barədə fermerlərə məlumat verilib.

Festival çərçivəsində Balakən rayonunda “Şəki-Zaqatala iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda panel müzakirə keçirilib.

Panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirilməsi) Mərkəzi, Əkinçilik, Meyvəçilik və Çayçılıq elmi-tədqiqat institutlarının mütəxəssisləri və “NutLab” startapının rəhbərinin iştirakı ilə regionun kənd təsərrüfatının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Panel müzakirədə Əkinçilik Elmi-Tədqiqat İnstitutundan istehsalat üzrə direktor müavini Qərib Novruzlu iştirak edib.

© 2020 Əkinçilik ETİ