Xəbərlər

Məhsuldarlıq göstəriciləri yüksək olan yerli sortların müasir becərmə təcrübələri öyrənilir

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi Tədqiqat İnstitutu özəl sektorla əlaqələrini genişləndirməkdə davam edir. İnstitut əkinçilik istiqamətində fəaliyyət göstərən bir sıra müasir aqroparklarla ikitərəfli əməkdaşlıq əlaqələri yaradıb. Karantin rejiminin davam etməsinə baxmayaraq iri şirkətlərlə bir neçə dəfə videokonfrans keçirilərək əkinlərin elmi əsaslarla birgə təşkil edilməsi, yeni məhsuldar sortların əldə olunması istiqamətində ilkin işlərə başlanıb.
İşlərin gedişini müşahidə etmək məqsədi ilə institutun direktoru Faiq Xudayev, istehsalat üzrə direktor müavini Atif Zamanov, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli “Agro Dairy” şirkətinin Tovuz rayon ərazisindəki təsərrüfatında olaraq burada toxumçuluğun elmi əsaslarla, ölkəmizin torpaq - iqlim şəraitinə uyğun təşkil edilməsi ətrafında müzakirələr aparıb, eyni zamanda sahələri gəzərək əkinə tətbiq edilmiş yerli və xarici sortların müqayisəsini həyata keçiriblər. Şirkətin kommersiya işləri üzrə müşaviri Əsəd Qurbanzadə və aqronom Qədir Hüseynov toxumların dəmyə şəraitinə uyğunlaşması, məhsuldarlıq göstəriciləri, həyata keçirilən aqrotexniki qulluq işləri haqqında məlumat veriblər. “ “Agro Dairy” şirkəti ilə qarşılıqlı razılaşmaya əsasən, ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması, bu istiqamətdə görüləcək işlərin birgə təşkili həyata keçiriləcək. Çörək və makaron sənayesinin tələblərinə uyğun yeni sortların yaradılması istiqamətində elmi tədqiqat işlərimizi davam etdiririk, görürük ki, özəl şirkətlərin bu istiqamətə böyük marağı var. Ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması son dərəcə vacibdir. Birgə əməkdaşlıq çərçivəsində fermerlərin bərk buğda əkininə marağının artırılması istiqamətində genişmiqyaslı tədbirlər görülməsi, Əkinçilik ETİ-nin yaratdığı sortların müxtəlif torpaq-iqlim şəraitində sınaqlarının keçirilməsi əməkdaşlığın əsasını təşkil edəcək. Şirkətlə birgə introduksiya olunmuş sort və nümunələrin nümayiş əkinlərinin təşkili, elmi işçilərimizin “Agro Dairy” şirkətinin sahələrində təcrübələrə cəlb olunması qərara alındı. Şirkət yaxın gələcəkdə əkin strukturunu tamamilə yerli sortlardan təşkil edəcək və bunun elmi təminatını Əkinçilik ETİ-nin əməkdaşları həyata keçirəcəklər”-deyə F.Xudayev bildirib. “Agro Dairy” kimi şirkətlərin uğurlu təcrübələrinin digər fermer təsərrüfatlarda yayılması son dərəcə vacibdir. Məsələn, şirkət qulluq işlərinin düzgün təşkil olunması nəticəsində suvarma şəraitində ən yaxşı sortlar sayılan “Qırmızı gül 1”, “Murov 2” sortlarından 70-80 sentiner məhsuldarlıq əldə edib. Dövlət başçısı İlham Əliyev bu il iyunun 24-də təsərrüfata səfəri zamanı ona bu barədə məlumat verilib və Prezident bu cür təcrübələrin kiçik təsərrüfatlarda yayılmasını, hətta Tovuzda regional tədris mərkəzinin yaradılmasını tapşırmışdı. Bu istiqamətdə Əkinçilik ETİ-“Agro Dairy” əməkdaşlığı gələcəkdə fermerlər üçün elmi təcrübə mənbəyi ola bilər. Aqrar Elm və İnnovasiya Mərkəzi çalışacaq ki, uğurlu təcrübələrin yayım-təbliğat işi bütün bölgələri əhatə etsin”- bu fikirləri isə N.Nəsirli bildirib.
“Agro Dairy”-nin nümayəndələri elmi-tədqiqatyönümlü əməkdaşlıqda maraqlı olduqlarını bildirib və səyyar vəziyyətdə aparılmış müzakirədə Azərbaycanın torpaq iqlim şəraitində özünü doğrulmuş taxıl və yem bitki sortlarının birgə təcrübə sahələrinin yaradılması, elmi-tədqiqat, analiz işlərinin aparılması qərara alınıb. Təklif olunub ki, institutun elmi əməkdaşları bu ildən başlayaraq öz təcrübələrini “Agro Dairy” şirkətinin əkin sahələrində qoya və seleksiya işlərini birgə apara bilərlər.

© 2020 Əkinçilik ETİ