Xəbərlər

Tərtər rayonunda taxılçılığa həsr edilmiş elmi-praktiki seminar keçirildi

Cari ilin 9 iyun tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Tərtər Bölgə Təcrübə Stansiyası tərəfindən "Taxılçılıqda yeni sortlar və mütərəqqi becərmə texnologiyaları. Resursqoruyucu becərmə texnologiyalarının üstünlüklərinin suvarma şəraitində nümayişi" mövzusunda Tərtər rayonunda elmi-praktiki seminar keçirildi. Seminarda KTN-nin müvafiq qurumları, Tərtər və eləcə də ətraf rayonlardan gəlmiş 50-ə qədər taxılçılıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edirdilər.Seminarda giriş sözü ilə çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev seminar iştirakçılarını salamlayaraq, aqrar sahəsinin inkişafında "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"-də taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar qoyulmuş məsələlərin icrasının əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Seminarda çıxış edən Tərtər Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayev Tərtər rayonunun əkin strukturunda taxılçılığın xüsusi yer tutduğu, son illər pambıqçılıq sahəsinin böyük vüsət aldığı və əldə olunmuş nailiyyətlər barədə məlumat verdi. Seminarda həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər ET İnstitutunun, Əkinçilik ET İnstitutu ilə elmi əməkdaşlıq edən Milli Aviasiya Akademiyasının mütəxəssisləri də çıxış etdilər və birgə aparılan elmi-tədqiqat işlərinin yekunları haqqında məlumat verdilər. Daha sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai- "Yeni taxıl sortlarının suvarma şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər", institutun Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova"Milli və Beynəlxalq Seleksiya proqramları çərçivəsində Tərtər Bölgə Təcrübə Stansiyasında aparılan tədqiqatlar", institutun davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri Məzahir Rzayev-"Taxılçılıqda yeni resursmühafizəedici mütərəqqi texnologiyaların üstünlükləri" və həmin institutun torpaq və bitki analizləri laboratoriyasının müdiri İmrəli Hacıməmmədov - "Torpaqların ümumi aqrokimyəvi göstəricilərinə əsaslanaraq dənli bitkilər üçün gübrə normalarının müəyyənləşdirilməsi" mövzularında çıxış etdilər.Məruzələrdən sonra seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırıldı. Seminar öz işini sahə nümayişi ilə davam etdirdi. Seminarın gedişində fermerlərə Əkinçilik İnstitutunun yeni rayonlaşmış və perspektivli taxıl sortlarının, mütərəqqi resursqoruyucu becərilmə texnolgiyalarının iqtisadi səmərəlilik baxımdan üstünlükləri nümayiş etdirildi və eləcə də taxıl əkinlərinin vaxtında biçilməsi, tədarük olunması barədə mütəxəssislər tərəfindən əhəmiyyətli praktiki bilgilər verildi.

© 2020 Əkinçilik ETİ