Xəbərlər

Atabəy Cahangirovun anadan olmasının 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Atabəy Ağasoltan oğlu Cahangirovun 65 yaşı, elmi fəaliyyətinin 36 ili tamam olur. Bu münasibətlə ƏETİ-də yubiley tədbiri keçirilib. 
Tədbirdə institutun rəhbərliyi, kollektivi, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) sədri Fuad Məmmədov və Komitənin sədr müavin Anar Tağıyev iştirak ediblər. Tədbiri institutun direktoru Faiq Xudayev açıb, yubilyarı kollektiv adından təbrik edib və alimin elmi fəaliyyəti haqqında fikirlərini bildirib. 
Yubiley tədbirində çıxış edən ASİHİRK sədri Fuad Məmmədov, institutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini Qərib Novruzlu, elmi katib Sevda Hacıyeva, şöbə müdiri Qətibə Həsənova, şöbə müdiri Təmraz Təmrazov, baş elmi işçi Nizami Hümmətov və b. Atabəy Cahangirovu 65 illik yubileyi və elmi fəaliyyətinin 36 illiyi münasibətilə təbrik edib, ona can sağlığı, işlərində və elmi fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayıblar.
Tədbirdə alimin avtobioqrafiyası diqqətə catdırılıb. 
A.A.Cahangirov 10 sentyabr 1958-ci ildə Azərbaycan SSR-in Qazıməmməd rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub, 1980-ci ildə həmin universiteti bitirib. A. A. Cahangirov təyinatla Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) “Bitki fiziologiyası” şöbəsində laborant kimi əmək fəaliyyətinə başlayıb və 1981-ci ildə aspiranturaya qəbul olub. 1988-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında “Müxtəlif məhsuldarlıqlı buğda genotiplərində fotosintezin məhsulları və onların utilizasiyasının xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək “Bitki fiziologiyası” ixtisası üzrə elmlər namizədi (indiki fəlsəfə doktoru) elmi dərəcəsi alıb. Sonradan ƏETİ-nun Şamaxı Zona Təcrübə Stansiyasında kiçik elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində işləyib. 2001-ci ildə ƏETİ-nun Qobustan Bölgə Təcrübə Stansiyasında (Şamaxı Zona Təcrübə Stansiyası 1993-cü ildən sonra Qobustan rayonunun yaradılması ilə əlaqədar olaraq Qobustan Bölgə Təcrübə Stansiyası adlandırılıb) direktor vəzifəsinə təyin olunub və hal-hazırda həmin vəzifədə çalışır. 2011-ci ildə Kənd Təsərrüfatında səmərəli fəaliyyətinə görə Respublika Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 60-dan çox elmi əsərin müəllifidir və bir çox beynəlxalq və Respublika səviyyəli konfranslarda iştirak edib. 2019-cu ildə dosent elmi dərəcəsi alıb. “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80” və “Baba 75” buğda, “Dəyanətli” və “Qüdrətli 48” arpa və “Sultan” noxud sortlarının həmmüəllifidir. Dövlət Komissiyasına sınaq üçün təqdim edilmiş “Yubiley 90”, “Lider”, “Gülüstan 100” və “Çempion” buğda və “Lütfi 46” noxud sortlarının həmmüəlliflərindən biridir.
Yubiley tədbirində alimin elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
© 2020 Əkinçilik ETİ