Xəbərlər

Akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əlirza oğlu Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Akademik Cəlal Əliyevin Azərbaycanda taxılçılığın elmi əsaslarla inkişafında rolu” mövzusunda konfrans keçirilib. Konfransı institutun direktoru Faiq Xudayev açaraq iştirakçıları salamlayıb və akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı Cəlal Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

 F.Xudayev çıxışı zamanı diqqətə çatdırıb ki, çox əlamətdar bir haldır ki, bu gün “Akademik Cəlal Əliyevin Azərbaycanda taxılçılığın elmi əsaslarla inkişafında rolu” mövzusunda keçirilən konfrans, həyatını Azərbaycanda biologiya və aqrar elmlərin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə sərf edən, dünya elminə böyük töhfələr vermiş görkəmli azərbaycanlı alim, ictimai xadim, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin 95 illik yubileyinə həsr olunub.

İllər ötəcək, onilliklər keçəcək, ancaq görkəmli şəxsiyyət, akademik Cəlal Əliyevin yaratdığı məktəb, qoyduğu irs heç vaxt öz qüdrətini itirməyəcək, bitib tükənməyəcək və hər zaman şərəflə müstəqil, firavan, qüdrətli Azərbaycan dövlətinin və xalqının xidmətində olacaq.

Tədbirdə ƏETİ-nin rəhbərliyi və kollektivi ilə yanaşı Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın  müxbir üzvü Zeynal Əkpərov, KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri a.e.ü.f.d. İmran Cümşüdov, Molekulyar biologiya və biotexnologiyalar institutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov, AMEA-nın  müxbir üzvü İbrahim Əzizov, laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şahniyar Bayramov, KTN Aqrar İnnovasiya Mərkəzi “Elmi innovasiyaların tədqiqi” şöbəsinin müdiri, b.ü.f.d., dosent Cavanşir Təlai, Tərəvəzçilik ETİ-nin direktoru, a.e.ü.f.d. Elmar Allahverdiyev, Genetik Ehtiyatlar İnstitutunun baş meneceri b.ü.f.d. Rafail Mahmudov, ƏETİ-nin direktor müavini, b.ü.f.d., dosent Sevinc Məmmədova, Qobustan BTS-in direktoru, b.ü.f.d., dosent Atabəy Cahangirov, institutun “Bitki fiziologiyası” şöbəsinin müdiri, b.e.d., dosent Tofiq Allahverdiyev, aparıcı elmi işçi b.ü.f.d., dosent İradə İbrahimova, “Dənin keyfiyyəti” laboratoriyasının müdiri, a.e.ü.e.d., dosent Qətibə Həsənova, “Bitki fiziologiyası” şöbəsinin baş elmi işçisi, a.e.ü.e.d., dosent Yasin Kərimov, “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri, b.ü.f.d., dosent Təmraz Təmrazov, “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi, b.ü.f.d., dosent Nizami Hümmətov,  “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi, b.e.ü.f.d., Mehdi Mehdiyev, “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi a.e.ü.f.d., dosent  Ehtibar İbrahimov, 188 saylı orta məktəbin müəllim və XI siniflərindən ibarət şagird heyəti iştirak ediblər.

Konfransda alimlərin təqdimatları olub və çıxışlar dinlənilib, akademikin böyük xidmətləri diqqətə çatdırılıb.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və elmi nailiyyətləri ilə Azərbaycanda biologiya və aqrar elmlərin bir sıra yeni istiqamətlərini müəyyənləşdirmiş və onların aktual problemlərinin həllinə qiymətli töhfələr vermişdir. Alimin nəzəriyyə və təcrübənin vəhdətini daim əsas götürməklə qazandığı nəticələrin tətbiqi respublika kənd təsərrüfatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Cəlal Əliyevin ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında böyük xidmətləri olmuşdur.

Akademik Cəlal Əliyev ömrünü yalnız elmi yaradıcılığa həsr etməmişdir, bir elm adamı, adı böyük hərflərlə yazılmış Azərbaycan vətəndaşı kimi, hər zaman gənc alimlərə arxa-dayaq, böyük məsləhətçi olmuşdur. Belə ki, tükənməz enerjiyə malik olmuş görkəmli alimin biologiya və aqrar elmlər sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmsında müstəsna rolu olmuşdur. Bu gün Cəlal müəllimin yetirmələri dünyanın müxtəlif tədqiqat mərkəzlərində və təhsil müəssisələrində uğurla çalışırlar və Azərbaycan elminin nailiyyətlərinin tanıdılması istiqamətlərində təqdirəlayiq işlər görürlər.

Daha sonra diqqətə çatdırılıb ki, Akademik Cəlal Əliyev tərəfindən fotosintezin ilkin proseslərinin məhsuldarlıqla əlaqəsi ilə bağlı ölkədə ilk tədqiqatlar aparılmış, biologiyanın yeni istiqamətləri, fiziki-kimyəvi biologiya, xüsusilə fotosintez sahəsində öz layiqli məktəbini yaratmış, onun tədqiqatları əsasında məhsuldar, mühitin qeyri-əlverişli amillərinə davamlı buğda sortları yaradılmış, yüksək keyfiyyətli dən məhsulunun alınmasını təmin edən fizioloji və biokimyəvi əsaslar işlənib hazırlanmışdır. Onun yaratdığı onlarla bərk və yumşaq buğda sortları, o cümlədən Bərəkətli 95, Qarabağ, Əzəmətli 95, Qobustan, Qırmızı gül 1, Tale 38, Ləyaqətli 80 bu gün də respublikamızda geniş ərazilərdə becərilir.

Akademik Cəlal Əliyevin alim əməyi və ictimai fəaliyyəti xalqımz və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. O, əməkdar elm xadimi adına layiq görülmüş, elmin inkişafında böyük xidmətlərinə görə Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatları, “İstiqlal” (1998) və “Şərəf” (2013) ordenləri ilə təltif olunmuşdur.

Xalqına və dövlətinə ləyaqətlə xidmət etməyi hər şeydən üstün tutan görkəmli elm korifeyimiz, əsl elm fədaisi, xalqın elçisi adını şərəflə daşıyan ləyaqətli və mübariz millət vəkili Vətənimiz Azərbaycanın azad, firavan gələcəyi və çiçəklənməsi naminə tükənməz enerji və sevgi sərf etmiş akademik Cəlal Əliyevin mənalı ömür yolu, elmi irsi hər birimiz üçün  bir örnək olaraq qalacaqdır.

Tədbirdə çıxış edən alimlərin elmi məruzələri alim və mütəxəssislər, o cümlədən digər iştirakçılar tərəfindən böyük maraqla dinlənilib.

Tədbirin yekununda institutun direktoru F.Xudayev çıxış edərək əməkdaşlara geniş spektrli təqdimat və məruzələrə görə təşəkkürünü bildirib. Akademik Cəlal Əliyevin apardığı tədqiqatların dünya miqyasında böyük əhəmiyyətini bir daha vurğulayan böyük alim və müəllimin yaratdığı elmi məktəbin bundan sonra da yaşayacağını, daha da genişlənəcəyini, yeni-yeni uğurlara imza atmağa davam edəcəyini bildirib.

Həmçinin tədbir iştirakçıları, xüsusilə də ixtisas seçimi qarşısında olan məktəblilər akademik Cəlal Əliyevin ömrünün son günlərinə qədər çalışdığı Əkinçilik Elmi-Tədqiqat İnstitutundakı iş otağında olub, çoxsaylı kitabxanası və elmi yaradıcılığında istifadə etdiyi əşyalarla tanış olublar.

Sonda ƏETİ-də Akademik Cəlal Əliyevə həsr olunmuş müzeyə baxış kecirilib, xatirə şəkili cəkilib.

© 2020 Əkinçilik ETİ