Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Masallı rayonunda keçirilən Aqrar Biznes Festivalında iştirak edib

Masallı rayonunda “ASAN xidmət” mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstərən Cəlilabad Bölgə Təcrübə Stansiyasının və Lənkəran Dayaq Məntəqəsinin direktorları, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin tabeli qurumları, həmçinin bank və bank olmayan kredit təşkilatları iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov festivalda çıxış edərkən fermerlərin maarifləndirilməsi istiqamətində keçirilən Aqrar Biznes Festivalının əhəmiyyətini vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş
olduğunu vurğulayıb.

Festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları və digər məhsullar nümayiş olunub. Kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb.

Fermerlərə Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi, Aqrar Sığorta Fondu və özəl şirkət tərəfindən sahənin prioritet istiqamətləri üzrə təlimlər keçirilib.

© 2020 Əkinçilik ETİ