Xəbərlər

Quba rayonunda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba rayonunda “ASAN xidmət” mərkəzində Aqrar Biznes Festivalı keçirilib. Festivalın açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək aqrar sahənin ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğunu, ölkəmizdə də kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yarandığını vurğulayıb. O, həmçinin festivalların keçirilməsinin əhəmiyyətini də qeyd edib. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə mütəmadi olaraq bölgələrdə təşkil edilən aqrar biznes festivalları aqrar innovasiyalar və bu sahədə mövcud yeniliklərlə bağlı məlumatlandırmanı həyata keçirir.
Daha sonra festivalda nümayiş olunan stendlərə baxış keçirilib. Bölgələrdə təşkil edilən bu festivalların əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətinin həyata keçirilməsi və kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsidir.
Festivalda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mandatına daxil olan, həmçinin patentləşmiş və rayonlaşmaya təqdim olunan bitki nümunələri, yumşaq və bərk buğda, arpa, vələmir, çovdar, kinoa, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras bitkilətinin toxumları və digər məhsullar nümayiş olunub. 
İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.
© 2020 Əkinçilik ETİ