Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yubiley tədbiri keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktoru Faiq Xudayevin 50 illik yubileyi münasibətilə tədbir keçirilib. 
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən qurumların, digər təşkilatların nümayəndələri və institutun kollektivi iştirak edib. Tədbirdə yubilyara həsr olunmuş videoçarx nümayiş olunub: 
Xudayev Faiq Allahverdi oğlu - (03 aprel 1974-cü il, Ermənistan Əzizbəyov rayonu Gomur kəndi) – 1996-cı ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı fakültəsinin “Aqranomluq” ixtisası üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1997-2002-ci illərdə “Bərəkət” firmasında baş direktor vəzifəsində işləməklə başlayıb. 2005-2008-ci illərdə ET Əkinçilik institutunda “Seleksiya və toxumçuluq” ixtisası üzrə aspiranturada təhsil alıb. 2007-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində, 2008-2010-cu illərdə ET Əkinçilik institutunun “Bitki seleksiyası” şöbəsində kiçik elmi işçi, 2010-2013-cü illərdə isə elmi işçi vəzifələrində çalışıb. 
2012-ci ildə ”Növdaxili hibridləşmədən istifadə etməklə bərk buğdanın seleksiyası üçün yüksək dən keyfiyyətli ilkin materialın yaradılması” mövzusunda dissertasiya işini müdafiə edərək aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 
2013-2015-ci illər ərzində Aqrar Elm Mərkəzində baş mütəxəssis, 2015-2017-ci illərdə “İnformasiya məsləhət xidməti” şöbəsinin müdir əvəzi və 2018-ci ildə həmin şöbənin müdiri, 2019-cu ildə isə Aqrar Elm və İnnovasiya Mərkəzində “Elmin təşkili və koordinasiyası” şöbəsinin müdiri, ƏETİ-nin “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifələrində işləyib. 
2014-cü ildən Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Seleksiya və toxumçuluq” ixtisası üzrə “dosent” elmi adına layiq görülüb. Hazırda “aqrar elmlər doktoru” elmi dərəcəsi almaq üçün “Müxtəlif aqroekoloji şəraitdə növdaxili hibridləşmədən istifadə etməklə makaron sənayesi üçün bərk buğdanın yeni sortlarının yaradılması” mövzusu üzrə tədqiqat işi aparır.  “Gənc aqrarçı alim və mütəxəssislərə dəstək” ictimai birliyinin sədridir.
2020-ci ildən Əkinçilik ETİ-nin direktorudur. 52-dən artıq elmi məqalənin, 3 modul dərs vəsaitinin, işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlbinin təşkili üçün istixana operatorluğuna aid 16, intensiv bağçılıq üzrə 49 təlim elementinin müəllifidir.  Eyni zamanda həmmüəllifi olduğu 48 müxtəlif bitki sortları (20  yumşaq, 12  bərk buğda, 3 arpa, 1 tritikale, 1 noxud, 3 çəltik, 2 qarğıdalı, 1 at paxlası, 3 amarant, 1 kinoa, 1 maralfalfa) rayonlaşdırılmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim olunmuş və bunlardan 9 yumşaq və bərk buğda sortları rayonlaşdırılaraq Dövlət Reyestrinə daxil edilib və patentlə mühafizə olunur. 
17 iyul 2023-cü il tarixindən Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın rayon və kəndləri üzrə rayon və kənd icmalarının yaradılması və rayon icmalarına sədr təyinatı haqqında Bakı şəhəri 38 nömrəli 14 iyul 2023-cü il tarixli əmrə əsasən 5 il müddətinə ictimai əsaslarla Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri təyin edilib.
Yubiley tədbirində KTN Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov, KTN Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini, Elm və təhsil sektorunun müdiri Emin Əliyev, Abşeron Yeni Azərbaycan Partiyasının sədri  Abbas Əliyev, Tərəvəzçilik ETİ-nin direktoru Elmar Allahverdiyev, Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru Vüqar Səlimov, Qərbi Azərbaycan İcmasının sədr müavini Məhəmməd Nəcəfli, Aqrar Xidmətlət Agentliyinin Aqrar Təlim Mərkəzinin Tədris şöbəsinin baş mütəxəssisi Talıb Hüseynov, ƏETİ-nin ümumi işlər üzrə direktor müavini Şikar Əhmədov, institutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, istehsalat işləri üzrə direktor müavini  Qərib Novruzlu, elmi katib Sevda Hacıyeva, 188 saylı orta məktəbin direktoru Esmira Məmmədova,  o cümlədən məktəbin şagirdləri, “Fermerin real dostu” verilişinin aparıcısı  Ruslan Zeynalov çıxış ediblər.
Tədbirdə çıxış edənlər tərəfindən F. Xudayevin elmin inkişafına verdiyi töhfələrlə yanaşı, Azərbaycanda kənd təsərrüfatı sahəsində göstərdiyi xidmətləri xüsusi vurğulanıb. Eyni zamanda yubilyarın şərəfli bir yol keçdiyi də qeyd edilib.
İştirakçılar F.Xudayevi 50 illik yubileyi münasibətilə təbrik edərək, ona Fəxri Fərman və hədiyyələr təqdim ediblər.
İştirakçılar  yubilyara gələcək həyat və elmi-fəaliyyətində uğurlar, yeni - yeni nailiyyətlər arzulayıblar.  
Tədbirin sonunda çıxış edən F.Xudayev göstərilən diqqətə, elmi fəaliyyətinə verilən yüksək dəyərə və tədbirin təşkilatçılığına görə hər kəsə öz təşəkkürünü bildirib.
© 2020 Əkinçilik ETİ