Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı bitki sağlamlığına həsr olunan beynəlxalq görüşdə iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova Türkiyə Respublikası Kənd Təsərrüfat və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş idarəsi (TAGEM) və Beynəlxalq Ərzaq və Kənd Təsərrüfat Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə keçirilən onlayn görüşdə iştirak edib. Görüşdə o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Aqrar Xidmətlər Agentliyinin nümayəndələri Moldova, Mərkəzi Asiyanın Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan respublikalarının alim və mütəxəssisləri də iştirak edibilər. 
Görüş “Mərkəzi Asiya və Qafqazda bitki sağlamlığı mövzusu da daxil olmaqla tətbiqi kənd təsərrüfatı tədqiqatları və innovasiyalar üçün platformanın işlənib hazırlanması” na dair layihənin müzakirəsinə həsr olunub. 
Layihədə təsbit olunan razılaşmaya dair iş planında regionda bitki sağlamlığı sahəsi üzrə prioritetlərin, kənd təsərrüfatı tədqiqatlarının tələblərinin müəyyən edilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri üçün aqrar tədqiqatlar sahəsində əməkdaşlığın layihə strukturu və platformasının işlənib hazırlanması kimi məsələlərə aydınlıq gətirilməsi nəzərdə tutulub. 
S. Məmmmədova Türkiyədə keçirilən təlimlərin əhəmiyyəti, Azərbaycanda bitki sağlamlığı sahəsində mövcud vəziyyət, bu sahədə tədqiqat prioritetləri və dənli bitkilər üzrə ƏETİ-də aparılan araşdırmalar və onların nəticələri, Beynəlxalq seleksiya mərkəzləri olan ICARDA və CIMMYT-dən introduksiya olunan genetik materialların xəstəliklərə davamlı buğda, arpa, noxud və mərci sortlarının yaradılmasında və rayonlaşdırılmasında roluna dair geniş və əhatəli çıxış edib. 
Görüşün sonunda bitki sağlamlığı sahəsində prioritetlərə həsr olunmuş seminardan gözlənilən nəticələr bir daha təhlil edilib və layihənin gələcək icrası ilə bağlı hər ölkə üzrə əlaqələndirici şəxs qismində iki nəfər nümayəndənin müəyyən edilməsi qərara alınıb.
© 2020 Əkinçilik ETİ