Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 305 saylı məktəbin müəllim və şagirdləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməsi məqsədilə Pirşağı qəsəbəsi 305 saylı məktəbin müəllim və şagirdləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) olublar. 
Tədbir məktəbin, o cümlədən “Uşaq birliyi”nin sədri Elnarə Həsənova və ƏETİ-nin birgə təşkilatçılığı ilə həyata keçirilib. İştirakçıları institutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini Qərib Novruzlu qarşılayıblar. Sonra ƏETİ-nin direktoru Faiq Xudayevlə görüş keçirilib.
Tədbir çərçivəsində məktəbin biologiya müəllimi Afaq Eyyubova əyani vəsaitlərdən istifadə etməklə tədbir mövzusu ətrafında şagirdlərə mühazirə deyib. O, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və s. bəhs edib.
Müəllim və şagirdlərə institutun fəaliyyəti haqqında videoçarx nümayiş edilib. Tədbir iştirakçıları videoçarx vasitəsilə ƏETİ-nin yaranma tarixi, strukturu, kadr potensialı, fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və s. haqqında məlumatlandırılıblar. 
Görüş zamanı institutla, onun təcrübə sahələri, laboratoriyaları ilə əyani tanışlıq da həyata keçirilib. İnstitutun əməkdaşları aqrar sahədə ƏETİ-nin rolunu xüsusi vurğulayıb, o cümlədən xarici ölkələrdən gətirilmiş müxtəlif növ bitki və toxum sortları haqqında ətraflı məlumat veriblər.
© 2020 Əkinçilik ETİ