Xəbərlər

Torpaq və bitki örtüyünün CİS-texnologiyaları, məsafədən zondlama əsasında tədqiqi və xəritələşdirilməsi üzrə elmi-tədqiqat işi aparılır

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) mövzu planında “Davamlı əkinçilik və bitki diversifikasiyası” proqramına daxil olan “Azərbaycanın müxtəlif iqtisadi rayonlarının əkin və otlaq sahələrində torpaq və bitki örtüyünün CİS-texnologiyaları, məsafədən zondlama əsasında tədqiqi və xəritələşdirilməsi” mövzusu üzrə elmi-tədqiqat işi aparılır. Bu məqsədlə “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi Nizami Hümmətov Cəlilabad və Masallı rayonlarında Coğrafi koordinatları təyin edilməklə, müxtəlif ərazilərdə dənli-taxıl bitkiləri (arpa, buğda, vələmir) altından torpağın üst qatından münbitliyin aqrofiziki və aqrokimyəvi göstəricilərini təyin etmək üçün torpaq nümunələri götürüb. 
Nümunələr aşağıdakı ərazilərdən götürülüb: Cəlilabad rayonu – Cəlilabad BTS (~150 ha taxıl sahəsində 5 koordinat nöqtəsi), Astanlı, Təklə, Xanəgah, Şorbaçı, Babaxanlı, Üçtəpə kəndləri və Göytəpə şəhəri ərazisində hər birində bir koordinat nöqtəsi olmaqla 7 yerdən; Masallı rayonu – Musaküçə, Hüseynhacılı, Qızılağac, Ərkivan, Qızılavar və Bədəlan kəndləri ərazisində hər birində bir koordinat nöqtəsi olmaqla 6 yerdən. Müxtəlif ərazilərdə bitkilərin (arpa, buğda, vələmir) inkişafı boruyaçıxma və sünbülləmə fazası ilə səciyyələnir. Götürülən torpaq nümunələrində münbitliyin aqrofiziki (torpağın qranulometrik və struktur-aqreqat tərkibi, nəmliyi, sıxlığı və məsaməliliyi) və aqrokimyəvi (pH, humus, N, P2O5, K2O, quru qalıq) göstəriciləri ƏETİ-nin “Torpaq və bitki analizləri” laboratoriyasında təyin ediləcək.
© 2020 Əkinçilik ETİ