Xəbərlər

“Taxıl əkinlərində sarı pas xəstəliyinə və alaq otlarına qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə ƏETİ-nin nəzdində fəaliyyət göstərən Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) “Taxıl əkinlərində sarı pas xəstəliyinə və alaq otlarına qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib.

Tədbirin keçirilməsində məqsəd sarı pas xəstəliyinə qarşı davamlı sortların seçilməsinin, aqrotexniki (xəstəliklərə qarşı yüksək davamlılığa malik bir çox məhsuldar buğda sortlarının əkilməsi, növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi,  taxıl alaqlarına qarşı vaxtında aparılan mübarizə tədbirləri) və kimyəvi üsullarla (preparatların istifadəsi) mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyinin diqqətə çatdırılması olub.

Tarla seminarında aktual mövzu ilə bağlı KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov,  AXA-nin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, ƏETİ-nin direktoru Faiq Xudayev, AzərŞəkər MMC-nin kənd təsərrüfatı üzrə direktoru Seymur Səfərli, Tərtər DAİM-in direktoru Mehman Babayev və Tərtər BTS-in direktoru Rəşad Familzadə ətraflı məlumat veriblər. Tədbirdə çıxış edən natiqlər fermerlərin maarifləndirilməsi istiqamətində bu kimi tədbirlərin əhəmiyyətini vuğulayıblar.

Çıxışlar zamanı xəstəlik müşahidə olunan taxıl əkinlərində istehsalçılara mütəmadi müşahidələrin aparılması və sarı pasın kütləvi yayılma halları qeydə alındıqda mübarizə tədbirlərinin həyata keçirilməsi tövsiyyə olunub.

Tədbirdə KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun, Tərtər BTS-in əməkdaşları, ərzaqlıq buğda ilə məşğul olan özəl sektorun, aidiyyatı qurumların nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri, bölgə fermerləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Seminarın yekununda sahəyə baxış keçirilib və mütəxəssislərlə müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ