Xəbərlər

Əkinçilik ET İnstitutunda yubiley tədbiri keçirildi

23.09.19 tarixində tanınmış aqrokimyacı, torpaqşünas alim İmralı Mahmud oğlu Hacıməmmədovun anadan olmasının 80 illik yubileyi münasibətilə Əkinçilik ET İnstitutunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru Cavanşir Təlai yubilyarı təbrik etdi. O, yubilyara fəxri fərman, gül çələngi və hədiyyə təqdim etdi. İ. Hacıməmmədovun elmi fəalıyyətinin ilk günlərindən bu günə kimi keçdiyi yoldan bəhs etdi. Onun bu illər ərzində əldə etdiyi uğular və nailiyyətlər haqqında dolğun məlumatlar verdi. C.Təlai diqqətə catdırdı ki, İ.Hacıməmmədov 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqrokimya və torpaqşünaslıq” fakultəsinə daxil olmuş, institutu bitirdikdən sonra Quba Bölgə laboratoriyasında torpaqşünas-aqrokimyaçı vəzifəsində işə başlamışdır. Sonralar isə analitik, şöbə müdiri vəzifəsində çalışmışdır. 1969-cu ildə əyani aspiranturaya daxil olaraq professor R.Q.Hüseynovun rəhbərliyi altında “Qarabağ düzündə qatı və mürəkkəb gübrələrin payızlıq buğda bitkisinin azot mübadiləsinə və məhsuldarlığına təsiri” mövzusu üzrə dissertasiya işini müdafiə edərək 1972-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Müdafiə Şurasına təqdim etmişdir. 1972-ci ildən etibarən Əkinçilik ET İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və 2009-cu ildən “Torpaq və bitki analizləri laboratoriyası”nın müdiri vəzifəsində çalışır. 81 məqalənin, 2 plakatın, 2 tövsiyənin, 4 kitabın, 1 analiz metodikasının müəllifi, 1 noxud və 1 qarğıdalı sortlarının müəlliflərindən biridir.

İ. Hacıməmmədov Respublikanın müxtəlif bölgələrində üzvi və mineral gübrələrin dənli-taxıl və paxlalı, yem və tütün bitkilərinin məhsuldarlığına təsirinin öyrənilməsi və bu əsasda iqtisadi cəhətdən səmərəli gübrələmə sistemlərinin müəyyənləşdirilməsi; mürəkkəb gübrələrin (ammofos, diammofos və s.) payızlıq buğdaların məhsuldarlığına, dən keyfiyyətinə və zülalın fraksiya tərkibinə təsirinin öyrənilməsi; mineral gübrələrin adi üsulla müqayisədə lentvari və cərgəvi üsullarla sahəyə verilməsinin qarğıdalıda dən məhsulu və iqtisadi səmərəyə təsirinin  müəyyənləşdirilməsi; institutun bölgələrdəki təcrübə təsərrüfatlarındakı torpaq örtükləri və tiplərinin, müxtəlif kənd təsərrüfatı bitkiləri üçün üzvi və əsas mineral qida elementlərinin miqdarı, ehtiyatı və gübrələmə sistemlərinin tədqiqi; torpaqda ümumi humusun, pH-ın, karbonatlığın və əsas qida maddələrinin (azot, fosfor və kalium) miqdarının, ümumi və asan mənimsənilən formalarının, şoranlıq və şorəkətlik dərəcələrinin öyrənilməsi; bitkilərdə makro və mikro elementlərin, dəndə azot və fosforun təyini; Respublikanın müxtəlif torpaq-iqlim şəraitində  iqtisadi cəhətdən səmərəli məhsul alınmasını, torpaq münbitliyinin bərpasını təmin edən qida rejimlərinin öyrənilməsi, bölgələr üzrə torpaqların aqrokimyəvi analizləri ilə bağlı məlumat bazasının yaradılması; növbəli əkin sistemində torpaqların sələf bitkidən asılı olaraq aqrofiziki göstəricilərinin müəyyən edilməsi; torpaqların aqrokimyəvi və aqrofiziki göstəricilərinin təyini ilə bağlı xidmətlərin göstərilməsi və s. elmi tədqiqat işlərində fəal iştirak etmişdir. İ. Hacıməmmədovun rəhbərliyi altında torpaq və gübrələrdən qida elementlərinin mənimsənilmə əmsalını nəzərə alaraq payızlıq buğdalarda proqramlaşdırılmış məhsulun alınması üçün mineral gübrə dozaları, respublikanın müxətlif regionlarında torpaqlarda qida elementlərinin çatışmazlığı müəyyən edilmiş, qida elementləri və humusun müsbət balansını təmin etmək üçün tədbirlər planı; növbəli əkin sistemində qida elementlərinin səmərəliliyinin elmi əsasları və onların balansı; Böyük Qafqazın cənub-şərq qurtaracağının torpaq tipləri, yaşı və sərhədləri təyin edilmiş və səmərəli istifadə üçün tövsiyələr işlənib hazırlanmışdır. 2016-cı ildə «Torpaq, bitki və gübrələrin aqrokimyəvi analiz üsulları» na həsr edilmiş metodik vəsaiti dərc edilmişdir.   

İ. Hacıməmmədov Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30.10.2018 tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Əkinçilik ET İnstitutunun direktoru C.Təlai kollektiv adından nəzərdə tutulan tədqiqatların daha yüksək səviyyədə yerinə yetirilməsi, elmi axtarışların genişləndirilməsi, Azərbaycan Respublikasının kənd təsərrüfatının və elminin inkişafı naminə yeni-yeni nailiyyətlər və alınan nəticələrin geniş tətbiq edilməsində yubilyara yeni-yeni müvəffəqiyyətlər, möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və elmin çətin, lakin şərəfli yollarında yaradıcılıq uğurları arzuladı.

Sonra İmralı Mahmud oğlu Hacıməmmədovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş videoçarx izlənildi.

© 2020 Əkinçilik ETİ