Xəbərlər

ADAU-da elmi-praktik konfrans keçirilib

29 oktyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin müzakirəsi, aqrar sahənin davamlı inkişaf üsulu kimi ekoloji təmiz kənd təsərrüfatının sosial, ekoloji və iqtisadi problemlərin həll edilməsində rolunun qiymətləndirilməsi, sahənin inkişafı üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur bölmələrinin əməkdaşlarının, Milli Məclisin deputatlarının, müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrinin, xarici ölkə alimlərinin, ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan istehsalçıların,  Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyininnümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək konfransın əhəmiyyətindən, ekoloji təmiz kənd təsərrüfatı sahəsində qlobal çağırışlardan, universitetdə bu sahədə görülmüş işlərdən, magistratura səviyyəsində “ekoloji kənd təsərrüfatı” ixtisaslaşması üzrə mütəxəssis hazırlığından,  bakalavriat səviyyəsində tədris olunan fənlərdən, aparılan elmi-tədqiqat işlərindən, beynəlxalq əməkdaşlıqdan, keçirilən müsabiqələrdən danışıb.

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkədə ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafının əhəmiyyəti, bu sahədə məhsul istehsalının təşviqi və bazarın inkişaf etdirilməsi, müvafiq qaydaların və yerli kadrların hazırlanması və beynəlxalq standartlara uyğun işlək sertifikatlaşdırma prosesinin təşkil edilməsi barədə çıxış edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək elmi-praktik konfransın vacibliyindən danışıb. O bildirib ki, ekoloji təmiz qida məhsullarına tələb getdikcə artmaqdadır və bu məhsulların istehsalı bütövlükdə dünya üzrə dinamik olaraq inkişaf edir. Ölkəmizdə dövlət tərəfindən bu istiqamətdə aparılan işlər məhsulların istehsalını artırır və stabilləşdirir. Daha sonra Vəfa Abbasova konfransın işinə uğurlar arzulayıb. 

Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının normativ-hüquqi bazasının mövcud vəziyyəti və onun təkmilləşdirilməsi mövzusunda çıxış edib.

ABŞ-ın İllinoys Universitetinin professor Mohammad Babadoost “Ekoloji təmiz alma istehsalında xəstəliklərin idarə edilməsi”, Sloveniyanın  Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Franko “Ekoloji üzümçülükdə dayanıqlı və səmərəli istehsal imkanları”,  AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev “Ekoloji təmiz kənd təsərrüfatının əhəmiyyəti” mövzularında təqdimat ediblər.

Konfransın plenar hissəsində Sloveniyanın  Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Frankoya universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə ADAU-nun “Fəxri doktoru” adı verilib. Qeyd edək ki, adıçəkilən universitet ADAU ilə ən aktiv əməkdaşlıq edən ali təhsil müəssisələrindən biridir.

Tədbir çərçivəsində ADAU və Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.

Konfransa Əkincilik ET İnstitutunun direktoru Cavanşir Təlai və direktor müavini Şikar Əhmədov iştirak ediblər.

Sonra konfrans iştirakçıları universitetin maddi-texniki bazası, mərkəzləri, laboratoriyaları,  tikilməkdə olan tədris binaları, tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.

Günün ikinci hissəsində konfrans öz işini bölmələrdə davam etdirib.

© 2020 Əkinçilik ETİ