Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülükdə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

26.11.2019 tarixində Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülükdə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib. Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən iclasda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin ekspertizası və təhlili idarəsinin direktoru Azər Süleymanov,  Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai, institutun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçi Bəhlul Abbasov, Şəki Dayaq Məntəqəsinin müdiri Məjlum Şükürov, Tütün İstehsalçıları Şurasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər iştirak ediblər. Tədbirin məqsədi tütün istehsalına hazırlıq, qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlərdən ibarət olmuşdur.

Kənd Təsərrüfatı naziri İnam Kərimov cıxışı zamanı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” nda 2021-ci ilədək hər hektardan məhsuldarlıq 20 sentner olmaqla əkin sahələrinin 6000 hektara çatdırılması hədəf olaraq müəyyənləşdirilib". Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu deyən nazir bu sahənin inkişaf etdirilməsinin zəruri olduğunu qeyd edib: “Prezident İlham Əliyev kənd təsərrüfatının digər sahələrində olduğu kimi tütünçülükdə də torpaq və su resurslarından səmərəli istifadə etmək və məhsuldarlığı artırmaqla bağlı çox mühüm tapşırıq verib".

Nazir çıxışında Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunaraq fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğunu diqqətə çatdırıb.

Daha sonra iclasda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin ekspertizası və təhlili idarəsinin direktoru Azər Süleymanov, Azərbaycan Sənaye Korporasiyasının Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov, Tütün İstehsalçıları Şurasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər çıxış edərək ölkədə tütün istehsalında mövcud vəziyyətdən danışıb, tütünçülüyün inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

İclasda Tütün İstehsalçıları Şurasının tütünçülüklə bağlı 2020-ci il üçün tədbirlər planı müzakirə edilib, tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

© 2020 Əkinçilik ETİ