Xəbərlər

Kürdəmirdə “Aqrar sahənin inkişafında innovativ texnologiyaların rolu”na həsr edilmiş təlim seminarı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasında 29 noyabr 2019-cu il tarixində “Aqrar sahənin inkişafında innovativ texnologiyaların rolu” mövzusunda təlim seminarı keçirilib. Təlim seminarında Əkinçilik ET İnstitutunun alim və mütəxəssislərilə yanaşı, Kürdəmir DAİM-in mütəxəssisləri, fermerlər, kənd təsərrüfatı məhsulu istehsalçıları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiat İnstitutunun direktoru Cavanşir Təlai iştirakçıları salamlayaraq təlim seminarın məqsədi, kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların iqtisadi cəhətdən səmərəli rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında rolu, institutun bu sahədə apardığı tədqiqat işlərinin nəticələri haqqında seminar iştirakçılarını məlumatlandırdı. Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Xanbala Əsədov aqrar sektorun ölkə iqtisadiyyatında yeri və rolu, bu sahəyə göstərilən dövlət dəstəyi, yeni subsidiya mexanizmi, Kürdəmir rayonunun ölkənin ümumi kənd təsərrüfatı məhsulunun istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində payızlıq taxıl əkinlərin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə seminar iştirakçılarına ətraflı məlumat verib.    

Sonra Əkinçilik Elmi-Tədqiat İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov “Payızlıq buğdanın tirəli səpin texnologiyasında əkilməsinin üstünlükləri” mövzusunda çıxış edərək tirəli əkinlərin resurslara qənaət edən texnologiya olaraq üstünlüklərini, o cümlədən işçi qüvvəsinə, suya və toxuma qənaət edildiyini qeyd etməklə kondisiyalı toxum çıxımının daha yüksək olmasını bu üsulun torpağın deqradasiyanın qarşısının alınmasında və münbitliyinin qorunmasında böyük rol oynadığını seminar iştirakçılarının nəzərinə çatdırdı.

Seminarda Əkinçilik Elmi-Tədqiat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasının direktoru Saday Məmmədov “Cərgəarası becərilən bitkilərdən sonra payızlıq buğda səpini üçün torpağın becərilməsi”, institutun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev “Növbəli əkin tarlalarında becərilən bitkilərdən asılı olaraq torpağın becərilməsi xüsusiyyətləri” mövzularında çıxış edərək müxtəlif bitkilərdən sonra payızlıq buğdanın səpini üçün aparılacaq torpaq becərmələri, növbəli əkin sistemində bitkilərin yerləşdirilməsi  və əhəmiyyəti, eyni zamanda becərilən bitkilərdən asılı olaraq torpağın becərilmə xüsusiyyətləri haqqında kənd təsərrüfatı məhsul istehsalçılarına geniş məlumat verdi.

Konstruktiv şəraitdə keçən seminarda mövzu ətrafında geniş müzakirələr aparıldı və fermerlərin sualları ətraflı cavablandırıldı. Sonda tədbirin proqramına uyğun olaraq fermerlərə yeni innovativ tirəli səpin texnologiyası ilə payızlıq buğda və arpanın səpininin aparılması nümayiş etdirildi. Tədbirdə ARB televiziyası tərəfindən cəkiliş aparıldı.

© 2020 Əkinçilik ETİ