Xəbərlər

İnstitutun əməkdaşı Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq konfransda iştirak etdi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova 25-28 noyabr 2019-cu il  tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən N.İ. Vavilov adına Ümumrusiya Bitkilərin Genetik Ehtiyatlar İnstitutunun 125 illiyinə həsr olunmuş “Rusiyada tətbiqi botanikanın 125 ili” adlı beynəlxalq konfrasda iştirak etdi. O, konfransda “Azərbaycan şəraitinə adaptasiya olunmuş qarğıdalı sort və hibrid xətlərinin təsərrüfat əhəmiyyətli xüsusiyyətlərinə görə seleksiya və genetik pasportlaşdırılması” mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda geniş çeşiddə yerli və introduksiya olunmuş qarğıdalı genotiplərində aparılmış morfoloji xüsusiyyətlərin korrelyasiyası, zein zülalına görə elektroforez analizlərinin nəticələri, xəstəlik və zərərvericilərə dayanıqlığı və bəzi  xəstəliklərin SNP markerlərlə dayanıqlıq genlərinin, qarğıdalı genotiplərinin SSR markerlərlə GDO genlərindən təmizliyinin təsbiti və sairə nəticələr yer aldı. Təqdimat geniş auditoriyanın marağına səbəb oldu. Həlimə Məmmədova təqdimatdan sonra Əkinçilik ET İnstitutunun kollektivi adından N.İ.Vavilov adına ÜBGEİ-nin bütün kollektivini yubiley münasibətilə təbrik etdi.

H.Məmmədova konfrans müddətində bir çox alimlərlə görüşlər keçirdi.  Zein zülalının elektroforezinin metodikasının yaradıcılarından biri Aleksey Vasilyevic Konorevlə görüşdü. A.V.Konorev yeni metodik vəsaiti  əməkdaşımıza təqdim etdi, xatirə şəkili çəkildi. Həmçinin Genetik Ehtiyatlar İnstitutunun arpa kolleksiyasının rəhbəri  İ.Q.Loskutovla baş tutan görüşdə Azərbaycanda  dənli bitkilərin seleksiyasının inkişafı, növbəti il İngiltərədən gələcək alimlər ilə birgə Azərbaycanın şərq və cənub bölgələrində yayılmış yabanı vələmirin herbarilərinin toplanmasına dair bir layihənin hazırlanması və Əkinçilik ET İnstitutunun alimləri ilə birgə əməkdaşlıqda ekspedisiyanın keçirilməsi və digər məsələlər müzakirə edildi.

Növbəti gün N.İ.Vavilov adına ÜBGE İnstitutunun direktoru xanım E.K. Xlyostkina ilə görüş keçirildi. Görüşdə iki institut arasında aparıla biləcək müştərək layihələr, ekspedisiyalar, genetik materialların mübadiləsi haqda geniş müzakirələr aparıldı. Görüşdə iki institut arasında əməkdaşlıq müqaviləsi bağlanılması və bu kontekstdə artıq 2020-ci ildə ilk birgə elmi ekspedisiyanın təşkil olunması,  Əkinçilik ET İnstitutunun mandatına daxil olan müxtəlif bitkilər üzrə seleksiya, biotexnologiya, genetika və sair  sahələr üzrə kadrların hazırlanması müzakirə edildi. E.K. Xlyostkina Azərbaycanın zəngin bitki örtüyünün həmişə Rusiya Genbankı üçün maraq kəsb etdiyini, keçirilmiş müxtəlif ekspedisiyalar vasitəsi ilə toplanmış çoxlu sayda Azərbaycana məxsus genetik materialların illərdir bu genbankda saxlanıldığının, bu materialların gələcəkdə Azərbaycanda yenidən əkilməsi və genetik markerlərlə ötən illər ərzində itirilmiş və əldə olunmuş müxtəlif əhəmiyyətli genlərin təsbit edilməsinin vacibliyini və bu prosesin sürətlənməsi üçün yaxın günlərdə əməli tədbirlərin görüləcəyini bildirdi.

Bir sözlə, bu görüşlərin nəticəsi olaraq sonda iki institut arasında yeni müstəvidə birgə elmi əməkdaşlığın təməli qoyuldu.

© 2020 Əkinçilik ETİ