Xəbərlər

Əkinçilik ET İnstitutunun kollektivi Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi münasibətilə bir gün ərzində 650 min ağacın əkilməsi təşəbbüsünə Əkinçilik ET institutunun kollektivi də böyük fəallıqla qoşulub. Ölkə ərazisində olduğu kimi, Pirşağı qəsəbəsi, 2 Saylı Sovxoz, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında tut tingləri, müxtəlif növ həmişəyaşıl ağaclar əkilib. İnstitutun rəhbərliyinin, kollektivin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu ağacəkmə kampaniyasında ümumilikdə 50 nəfərədək əməkdaş iştirak edib.

Kütləvi ağacəkmə aksiyasında Respublika ərazisində xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, çökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək. Bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.

 

© 2020 Əkinçilik ETİ