Xəbərlər

Beynəlxalq ekspertin iştirakı ilə “Azərbaycanda konservasiyalı kənd təsərrüfatının inkişaf etdirilməsi perspektivləri” mövzusunda təlim seminar keçirildi

Əkinçilik ET İnstitutunda beynəlxalq ekspertin iştirakı ilə 24.12.2019 tarixində “Azərbaycanda konservasiyalı kənd təsərrüfatının inkişaf etdirilməsi perspektivləri” mövzusunda təlim seminar keçirildi. Seminarda beynəlxalq ekspert, Özbəkistan Respublikası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında layihə rəhbəri, professor Əziz Nurbekov iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai beynəlxalq ekspert barədə və mövzu ətrafında geniş məlumat verdi: “Ə.Nurbekovun fəaliyyət  sahəsi əkinçiliklə bağlıdır. Bu gün torpaqoruyucu və resursmühafizəedici texnologiyalar əkinçiliyin müasir əsas sistemlərindən biridir. Ə.Nurbekovun bu sahədə böyük təcrübəsi var. 2011-2012-ci illərdə böyük bir layihənin icrasında Əkinçilik İnstitutu  da iştirak edib. Bugünkü mövzu konservasiyalı əkinçiliyinin perspektivlərinə həsr olunub. Ə.Nurbekov bu il iki dəfə Azərbaycanda səfərdə olub və bundan sonra onun növbəti ildə 6 səfəri gözlənilir. Növbəti ildə Ə.Nurbekov bilavasitə Azərbaycanda əkinçiliyin ümumi vəziyyətinin monitorinqini keçirəcək və hesabat təqdim edəcək. Bu görüşlər əsnasında çalışmalıyıq ki, Azərbaycanda konservasiyalı əkinçiliyin inkişafı üçün öz tövhələrimizi verək. Bir çox dünya ölkələri konservasiyalı əkinçilikdən, sıfır becərmədən istifadə edir. Məsələn Argentinanın özündə 80% kənd təsərrüfatı torpaqlarında konservasiyalı əkinçilik tətbiq edilir. Bu proses bütün dünyada gedir. Bu texnologiyalar resursmühafizəedici olduğuna görə vəsaitə də qənaət edir, istehsal olunan məhsulun maya dəyəri də aşağı olur, yəni bütövlükdə bu texnologiya fermerlərə maliyə baxımından dəstək olur. Lakin bu texnologiya postsovet məkanında geniş yayılmayıb, bunun bir çox səbəbləri var. Sıfır becərmə texnologiyası yalnız 4-5 ildən sonra töhfələrini verməyə, məhsulun keyfiyyətinə öz təsirini göstərməyə başlayır. İlk illərdə isə bu mümkün deyil. Aparılan tədqiqat işlərinin nəticələri ilə, torpaqoruyucu və resursmühafizəedici texnologiyalarla əlaqədar buklet hazırlanmışdır. Bukletin hazırlanmasında Ə.Nurbekovun böyük rolu olmuşdur. Daha sonra Əkinçilik ETİ-nin direktoru C.Təlai beynəlxalq  ekspert Ə.Nurbekova kollektiv adından öz minnətdarlığını bildirdi. C.Təlai fürsətdən istifadə edərək, bu gün ölkə başçısı cənab İlham Əliyevin ad günü olduğunu diqqətə çatdırdı və bu münasibətlə onu təbrik etdi. Sonra çıxış ücün sözü beynəlxalq ekspertə verdi. Ə.Nurbekov “Torpaqqoruyucu və resursmühafizəedici əkinçilik üçün ixtisaslaşmış kənd təsərrüfatı texnikalarının xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış etdi. O, mövzu üzrə Orta Asiyada fermerlər üçün torpaqoruyucu və resursmühafizəedici texnologiyalar, torpaqoruyucu və resursmühafizəedici əkinçiliyi dəstəkləyən 4 əsas prinsip, kənd təsərrüfatı bitkilərinin idarəetmə texnologiyasının müvafiq komponentinin inkişafı üçün torpaqoruyucu və resursmühafizəedici əkinçilik prinsiplərinin tətbiqi, inkişaf etməkdə olan ölkələrin fermerlərinin torpaqoruyucu və resursmühafizəedici əkinçiliyi qəbul etməkdən imtina etdirən 3 başlıca amil, sıfır becərmə üçün texnika və s.məsələlərə aydınlıq gətirdi. Sonda torpaqqoruyucu və resursmühafizəedici əkinçiliyə dair videoçarx nümayiş etdirildi, müzakirələr aparıldı. 

 

© 2020 Əkinçilik ETİ