Xəbərlər

Respublika üçün qeyri-ənənəvi bitki olan çörəkotu əkilib

Kənd Təsərrüfatı Nazirliyinin sosial media hesabına xaricdə yaşayan həmvətənimiz Ariz Zeynalov yazaraq bu sahəyə maraq göstərdiyini və əkin üçün lazım olacaq dəstəyini ifadə edib. Müvafiq məsələlər üzrə nazirliyin tabeli qurumu olan “Aqroservis” ASC tərəfindən dərhal təklifə operativ reaksiya verilib. ASC bu sahənin inkişafına dəstək, həmçinin digər fermerlərimizin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün artıq bir sıra addımlar atıb. Belə ki, ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik olan bu sahələr üçün fermerlərə kompleks aqrotexniki xidmətlər təklifi hazırlanıb. Bu təkliflər çərçivəsində əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika təminatı, becərilmədə istifadə ediləcək keyfiyyətli mineral gübrə təminatı, zərəvericilərə qarşı dərmanlar, həmçinin məhsulun itkisiz yığılıb fermerə təqdim edilməsi işləri həyata keçiriləcək.  Şamaxı rayonunun Böyük Xınıslı kəndində torpağın əkinə yararlı olub-olmadığını müəyyən etmək üçün kompleks təhlillər aparılaraq, 1 hektar ərazidə çörəkotu bitkisi əkilib. Çörəkotu qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkiyə vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC Əkinçilik ET İnstitutu ilə əməkdaşlıq edərək, bu kimi sahələrə alim aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqrotexniki məsəllələrin həlli istiqamətində müvafiq işlər görüb. 11.04.2021-ci il tarixində 1 hektar ərazidə çörəkotu bitkisini əkilib. Düzgün becərilmənin həlli istiqamətində, ilk dəfə olaraq, mədəni formada becəriləcək sahədə sınaq təcrübəsi də aparılacaq. Ümumiyyətlə, görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminat göstərmək, iqtisadi cəhətdən çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək, həmçinin bu bitkinin əvvəlki şöhrətini yenidən qaytarmaqdır. Mütəxəsislərin apardıqları araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selen, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır. Çörəkotu yüksək təzyiqi də normaya salır. Alimlər tərəfindən aparılan digər araşdırmalarda isə bu bitkinin yağının astma xəstəliyinə çox faydalı olduğu sübut edilib. Qeyd olunan məsələ ilə bağlı Əkinçilik ET İnstitutuna yönəldilən məktuba əsasən ”Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru S.Abbasquliyeva qaraçörək otu bitkisi haqqında araşdırmalar apararaq, respublika üçün qeyri-ənənəvi olan bu bitkinin becərilmə texnologiyasını hazırlayıb. Həvəskar fermerlə mütəmadi əlaqə yaradılıb və müvafiq məsləhətlər verilib. Respublika üçün qeyri-ənənəvi olan bu bitkinin vətəni, yayılma arealı, əhəmiyyəti, sahənin seçilməsi, torpağın səpin qabağı becərilməsi, toxumun səpinə hazırlanması, cücərtilərə qulluq işlərinin təşkili, suvarılma və.s. məsləhətlər verilib. Əkin üçün sağlam toxum materialının seçilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu məsələdə də diqqətli olmağın vacibliyi qeyd edilib.

© 2020 Əkinçilik ETİ