Xəbərlər

Taxıl yığımını qısa müddətdə başa çatdıraq

Taxıl yığımına hazırlıq məqsədi ilə hər bir rayonda yığıma nəzarət edən qərargah yaradılmalıdır. Fermerlər yaradılmış bu qərargahla sıx əlaqə yaratmaqla yığım zamanı baş verən hər hansı bir çətinliklə əlaqədar ona müraciət edə bilərlər. Bu cür əlaqəli fəaliyyət nəticəsində taxıl yığımını mütəşəkkil qaydada başa çatdırmaq olar.

        Taxıl yığımına başlamazdan əvvəl fermerlər tərəfindən yığıma hazırlıq işləri aparılmalıdır. Bunun üçün kombaynların rahat hərəkət etməsi məqsədi ilə biçilməsi nəzərdə tutulan taxıl sahələrinin yolları düzəldilməli, sahələrin kənarında olan müvəqqəti suvarma arxları doldurulmalıdır. Yanğın təhlükəsini aradan qaldırmaq məqsədilə taxıl zəmilərinin kənarını şumlamaq lazımdır. Biçilmiş dən məhsulunu daşıyıb tökmək üçün fermerin həyətində və yaxud sahənin kənarında meydançalar (xırmanlar) düzəldilməlidir.

        Arpanın nisbətən tez yetişməsini nəzərə alaraq biçinə əvvəlcə arpa, sonra isə buğda sahələrində başlamaq lazımdır. Payızlıq taxılların biçininə dənlərin tam yetişmə mərhələsində başlanılır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, tam yetişkənlik dövründə sünbüldə dənləri tökülməyə meylli olan sortların yığımını qətiyyən gecikdirmək olmaz. Çünki, bu sortlarda tam yetişkənlik dövründə yığımı gecikmiş sahələrdə dənlərin tökülməsi müşahidə olunur. Yadda saxlamaq lazımdır ki, vaxtından qabaq biçin apardıqda sünbüldə dənin tam yetişmədiyi üçün kombayn tərəfindən yaxşı döyülmür, samanın tərkibində bütöv döyülməmiş sünbüllər qalır ki, bu da xeyli məhsul itkisinə səbəb olur.

        Məhsul yığımı gecikdirildikdə sünbüldə dənlər həddən artıq quruduqları üçün döyüm zamanı qırılaraq mexaniki zədələnirlər. Bu isə öz növbəsində dənin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də kombaynların döyücü aparatı elə nizamlanmalıdır ki, döyüm zamanı dənlər mexaniki zədələnməsin və həmçinin sünbüllər tam döyülsün. Biçin vaxtı hava rütubətli olarsa, bu zaman dek ilə baraban arasındakı məsafəni nisbətən azaltmaq məsləhətdir. Bəzi hallarda yığım zamanı dəndə mexaniki zədələnmə müşahidə olunur. Bu zaman dek ilə baraban arasındakı məsafəni nisbətən artırmaq lazımdır. Toxumluq sahələrin məhsulunu biçən zaman bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Çünki, döyüm zamanı dənlərin mexaniki zədələnməsi yüksək kondisiyalı toxum çıxımını xeyli azaldır.

        Taxıl biçininə səhər tezdən başlamaq məsləhət bilinmir. Çünki, bu zaman sünbüllərdə nəmliyin miqdarı çox olduğuna görə onlar yaxşı döyülmür. Nəticədə kombayndan çıxan samanın tərkibində bütöv və tam döyülməmiş sünbüllər müşahidə olunur ki, bu da xeyli dən itkisi deməkdir. Ona görə də taxıl biçininə səhər saat 1000-1100 radələrində başlanılması tövsiyə edilir. Biçini taxılın səpini istiqamətində aparmaq lazımdır. Bu zaman kəsici aparat yer səthindən 10-15 sm hündürlüyə nizamlanır. Bununla belə, əgər bitkinin hündürlüyü 80-120 sm arasındadırsa, kəsici aparatı yer səthindən 15-18 sm, 120 sm-dən yüksəkdirsə, yer səthindən 20-22 sm, hündürlüyü 60-70 sm olan qısaboylu sortlarda isə 12-13 sm hündürlükdə nizamlandıqda məhsul itkisi az olur. Taxılın göstərilən normadan yuxarı hündürlükdə biçilməsi zamanı sahədə az da olsa biçilməmiş sünbüllər qalır ki, bu da müəyyən qədər məhsul itkisinə səbəb olur.

        Bəzən, küləklə müşayiət olunan güclü yağışlar nəticəsində yonca yerinə səpilmiş taxıllarda yerə yatma müşahidə olunur. Belə sahələrdə kombaynın faydalı iş əmsalı xeyli aşağı düşür. Yerə yatmış taxıl sahələrini biçən zaman kombaynın hərəkət istiqaməti yatma istiqamətinə qarşı olmalıdır. Bu zaman kombaynın kəsici aparatı tamamilə torpaq səthinə endirilməklə kəsici aparatla pərin barmaqları arasındakı məsafəni azaltmaq lazımdır.

                 Alaqlarla zibillənmiş taxıl sahələrində dən məhsulunun tam yetişməsinə baxmayaraq bəzi alaq bitkiləri hələ qurumamış yaş halda olur. Belə vəziyyətdə biçin apardıqda yaş halda olan alaq toxumları dən məhsuluna qarışaraq onu nəmləndirir. Belə məhsulu xırmanda topa halında saxladıqda topalarda daxili qızışma baş verir və məhsulun tamamilə itirilməsi təhlükəsi yaranır. Bunun qarşısını almaq üçün biçilərək xırmana tökülən dən məhsulu nazik təbəqə şəklində yayılmalı, vaxtaşırı çevrilərək qurudulmalıdır.

        Məlumdur ki, cərgəarası becərilən (pambıq, qarğıdalı və s.) bitkilərdən və çoxillik otlardan (yonca, xaşa və s.) sonra becərilən taxıl sahələri alaqlardan xeyli dərəcədə təmiz olur. Adətən belə sahələrdən yüksək keyfiyyətli toxum materialı alınır və dövlət standartlarına cavab verir.

        Aparılmış müşahidələr göstərir ki, Şəki-Zaqatala, Muğan-Salyan, Şirvan və yeraltı suların torpaq səthinə yaxın olduğu digər bölgələrdə biçini gecikdirilmiş taxıl zəmilərini iri gövdəli yay alaqlarının basması nəticəsində biçin çətinləşir, məhsuldarlıq aşağı düşməklə dənin keyfiyyəti pisləşir. Ona görə də taxıl biçinini vaxtında və qısa müddətdə başa çatdırmaq fermerlər qarşısında duran əsas məsələlərdən biridir.

        Beləliklə, taxıl biçini texnologiyasına düzgün və yüksək səviyyədə əməl etməklə ölkəmizin taxıl becərən fermerləri yığım zamanı dən itkisinin qarşısını ala bilərlər.

 

 

         Faiq Xudayev    

        Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru,

        aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

                       

    Məzahir Rzayev

          İnstitutun Davamlı Əkinçilik və Bitki Diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi,

           aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

                                        

© 2020 Əkinçilik ETİ