Xəbərlər

Naxçıvan Muxtar Respublikasında yeni yaradılmış buğda sortları və sabitləşmiş hibrid xətlərin səpini aparılıb

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) elmi katibi Sevda Hacıyeva Naxçıvan Muxtar Respublikasında Akademik Həsən Əliyev adına Araz Elm İstehsalat Birliyində səfərdə olub. Səfər çərçivəsində ƏETİ-nin əməkdaşları tərəfindən yaradılmış buğda sortları və sabitləşmiş hibrid xətlərin səpini aparılıb. Səpindən əvvəl aqrotexniki qulluq işləri vaxtında həyata keçirilib, sələf tərəvəz bitkiləri olmaqla, səpinqabağı hektara 200 kq fiziki çəkidə amofoska verilib. Sabitləşmiş hibrid xətlərdə seçmə aparılıb və bölgə üçün uyğun materiallar 40-60 m2 sahədə əkilib.
Bundan əlavə, təsərrüfatda yumşaq buğdanın Cümhuriyyət-100, Əsəd 80, Dəyirman, Xırman, Barış, Royal, Şah buğda, Suqovşan, Qayıdış, Kənan, Vüsal, Mübariz, Babək 79 və s., bərk buğdanın Ağdərə, Dərələyəz, Comərt 90, Zəfər, Qalib və s. sortlarının da 2 təkrarda səpini həyata keçirilib.
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini, birliyin baş direktoru Fikrət Həsənovun iştirakı ilə Kənd Təsərrüfatı naziri Bəhruz Bayramovla görüş keçirilib. Nazirin təşəbbüsü ilə S.Hacıyeva Naxçıvan Biznes Mərkəzinə səfər edib. O, Muxtar Respublikada istehsal edilən sənaye və kənd təsərrüfatı məhsulları ilə tanış olub.
Səfərin sonunda S.Hacıyeva qələbə sevincini bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, dövlətimizə sülh və əminamanlıq arzusu ilə Əshabi-Kəhf ziyarətində olub.
© 2020 Əkinçilik ETİ