Xəbərlər

“Azərbaycanda buğda bitkisində pas xəstəliklərinin idarə edilməsi üçün əməkdaşlığın və milli imkanların gücləndirilməsi” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aqrar Xidmətlər Agentliyi (AXA) və Birləşmiş Millətlər Təşkilatınin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşlığı çərçivəsində “Azərbaycanda buğda bitkisində pas xəstəliklərinin idarə edilməsi üçün əməkdaşlığın və milli imkanların gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

Konfransda KTN-nin, Qida Təhlükəsizliyi Agentliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə ofisinin mütəxəssisləri və elmi-tədqiqat institutlarının, o cümlədən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) nümayəndələri direktor müavini Qərib Novruzlu, şöbə müdiri Namella Əzizova, elmi əməkdaşlardan Esmira Hacıyeva, Könül Aslanova, Aysel Labazanova və Leyla Həsənova iştirak ediblər.

KTN-nin aparat rəhbəri Rafail Quliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

AXA-nın sədr müavini Cəfər Məhərrəmov hazırlanmış “Milli strateji program və fövqəladə hal planı” barədə məlumat verərək regional əməkdaşlığın, eləcə də ölkələr arasında məlumat mübadiləsinin rolunun əhəmiyyətini qeyd edib və bu sənədin ölkəmiz üçün gələcək risklərdən müdafiə olunmasının vacibliyini vurğulayıb.

FAO-nun Azərbaycan nümayəndəsinin köməkçisi Bariz Mehdiyev əməkdaşlıq proqramları barədə danışıb, həmçinin pas xəstəliyinə qarşı strateji yol xəritəsinin hazırlanmasında və həyata keçirilməsində təşkilatın birbaşa dəstəyinin olduğunu bildirib.

FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin əməkdaşı Fazil Düşüncəli layihənin nəticələrindən, gələcək üçün atılacaq addımlardan, KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov qlobal iqlim dəyişikliyinin aqrar sektora təsiri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov buğda bitkisinin xəstəlikləri üzrə həyata keçirilən tədqiqat işləri, ƏETİ-nin direktor müavini Qərib Novruzlu buğda pası xəstəliklərinin qarşısının alınması və idarə olunması üçün milli strategiya və fövqalədə hallar planının layihəsi barədə məlumat verib.

Sonda konfrans öz işini buğda pası xəstəliyi ilə bağlı yarana biləcək risklərə qarşı həyata keçiriləcək tədbirlərlə bağlı panel müzakirələrlə davam etdirib.

© 2020 Əkinçilik ETİ