Xəbərlər

Bakı Ali Neft Məktəbinin əməkdaşlarının sintez etdiyi su saxlayıcı polimerlərin ilkin sınaq təcrübələrinə start verilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və Bakı Ali Neft Məktəbinin əməkdaşlarının birlikdə “Su tutucu hidrogellərin əkinçilikdə tətbiqinin perspektivləri” layihəsini icra etməsi nəzərdə tutulur.
Məlumdur ki, bütün dünyada qlobal istiləşmə və onu müşaiyət edən quraqlıq problemləri, su və ərzaq qıtlığı ilə əlaqədar ciddi çatışmazlıqlara səbəb olur. Hal-hazırda bu məsələ ilə bağlı dünyada və eyni zamanda ölkəmizdə də yaranan problemlərin izlərini müşahidə etməmək mümkün deyil. İqlim dəyişiklikləri fonunda baş verən bu problemlərlə bağlı, yəni qeyri-adi keçən isti qış fəsli, yayda çayların və su anbarlarının yenidən qurumasının gözlənilməsi, su elektrik enerjisi istehsalının azalması və bir çox kənd təsərrüfatı bitkilərinin məhsulunun məhv olması ilə əlaqədar olaraq mütəxəssislər həyəcan təbili çalırlar.
İddia edilən preparatın effektivliyini yoxlamaq, kənd təsərrüfatında tətbiqinin səmərəliliyini qiymətləndirmək məqsədilə ƏETİ-də taxıl bitkiləri altında üçmərhələli layihə icra olunacaq. İlkin mərhələdə laboratoriya şəraitində iddia edilən preparatın toxumların cücərməsinə təsiri və ya təsirlərini müşahidə etmək məqsədilə təcrübələrin aparılması nəzərdə tutulub.
Qeyd olunan məsələlərlə əlaqədar olaraq ilkin laboratoriya sınaqlarına start verilib. 
“Torpaq və bitki analizləri” laboratoriyasına səfər edən KTN-nin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov bu sınaqların Respublika üçün əhəmiyyətindən bəhs edib, sınaqların təşkili ilə bağlı irad və təkliflərini irəli sürüb, layihə iştirakçılarına uğurlar arzulayıb.
© 2020 Əkinçilik ETİ