Xəbərlər

İnstitutun dosenti Atabəy Cahangirovun 65 yaşı tamam olur

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Atabəy Ağasoltan oğlu Cahangirovun 65 yaşı, elmi fəaliyyətinin 36 ili tamam olur.

A. A. Cahangirov 10 sentyabr 1958-ci ildə Azərbaycan SSR-in Qazıməmməd rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub, 1980-ci ildə həmin universiteti bitirib. A. A. Cahangirov təyinatla Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) bitki fiziologiyası şöbəsində laborant kimi əmək fəaliyyətinə başlayıb və 1981-ci ildə aspiranturaya qəbul olub.

1988-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında “Müxtəlif məhsuldarlıqlı buğda genotiplərində fotosintezin məhsulları və onların utilizasiyasının xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək “Bitki fiziologiyası” ixtisası üzrə elmlər namizədi (indiki fəlsəfə doktoru) elmi dərəcəsi alıb. Sonradan ƏETİ-nun Şamaxı Zona Təcrübə Stansiyasında kiçik elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində işləyib. 2001-ci ildə ƏETİ-nun Qobustan Bölgə Təcrübə Stansiyasında (Şamaxı Zona Təcrübə Stansiyası 1993-cü ildən sonra Qobustan rayonunun yaradılması ilə əlaqədar olaraq Qobustan Bölgə Təcrübə Stansiyası adlandırılıb) direktor vəzifəsinə təyin olunub və hal-hazırda həmin vəzifədə çalışır. 2011-ci ildə Kənd Təsərrüfatında səmərəli fəaliyyətinə görə Respublika Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 60-dan çox elmi əsərin müəllifidir və bir çox beynəlxalq və Respublika səviyyəli konfranslarda iştirak edib. 2019-cu ildə dosent elmi dərəcəsi alıb. “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80” və “Baba 75” buğda, “Dəyanətli” və “Qüdrətli 48” arpa və “Sultan” noxud sortlarının həmmüəllifidir. Dövlət Komissiyasına sınaq üçün təqdim edilmiş “Yubiley 90”, “Lider”, “Gülüstan 100” və “Çempion” buğda və “Lütfi 46” noxud sortlarının da həmmüəlliflərindən biridir.

Atabəy Cahangirovu 65 illik yubileyi və elmi fəaliyyətinin 36 illiyi münasibətilə kollektiv adından təbrik edir, ona can sağlığı və işlərində yeni-yeni müvəffəqiyyətlər arzu edirik!

© 2020 Əkinçilik ETİ