Xəbərlər

Əkinçilik  Elmi-Tədqiqat İnstitutu ilə Toxumçular Assosiasiyası arasında Memorandum imzalandı

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) ilə Azərbaycan Toxumçular Assosiasiyası arasında  qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumu institutun direktoru Faiq Xudayev və Assosiasiyanın sədri Mədinə Əliyeva imzalayıb.

Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, istehsal olunan keyfiyyətli və məhsuldar sortların toxumlarına fermerlərin əlçatanlığının asanlaşdırılması, yeni yüksək məhsuldar sortların təşviqi və təbliği işlərinin həyata keçirilməsi, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssis hazırlanmasında birgə iştirakı əhatə edir.

F.Xudayev ƏETİ-nin son illərdə ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan Seleksiya Nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilmiş bitki sortlarının ilkin toxumçuluğunun təşkil edilməsi məqsədilə sınaq əkinlərinin aparılması, payızlıq taxıl bitkilərinin toxumluq əkinlərində aprobasiyanın həyata keçirilməsi, institutun mandatına daxil olan bitkilər haqqında maarifləndirici nəşrlərin hazırlanması və perspektivlər barədə ətraflı məlumat verib.

Öz növbəsində M.Əliyeva Assosiasiyanın fəaliyyəti ilə bağlı geniş məlumat verərək bildirib ki, cari ilin iyun ayından başlayaraq bölgələrdə toxumçularla görüşlər keçirilir, onların problemləri dinlənilir. Ölkəmizdə toxumçuluğun elmi əsaslarla inkişafı üçün müvafiq işlər aparılır.

İmzalanma mərasimində institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış sortların toxumları, o cümlədən toxumçuluğun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

© 2020 Əkinçilik ETİ