Xəbərlər

Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarına onlayn təlim keçirilib

Respublika Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarına “Bitki üçün zərərli orqanizmlərə qarşı bioloji mübarizə üsulları və vasitələri” mövzusunda onlayn təlim keçirilib.

Təlim Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın müdiri Namella Əzizova tərəfindən aparılıb.

Təlim zamanı N.Əzizova iştirakçıların diqqətinə çatdırıb ki, Respublikanın müxtəlif bölgələrində bir çox zərərverici orqanizmlərin dövrü olaraq kütləvi çoxalması və kənd təsərrüfatı bitkilərinə ziyan vurması tez-tez müşahidə olunur. Kənd təsərrüfatı sahəsində potensial məhsul itkisinin 30%-dən çoxu zərərverici orqanizmlərin payına düşür. İtkinin qarşısının alınması üçün zərərli orqanizmlərə qarşı mubarizədə  bioloji üsul da tətbiq olunmalıdır. Ölkədə bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün ən çox kimyəvi mühafizə üsulundan istifadə olunduğundan, bioloji mühafizə üsulundan istifadə imkanları xeyli məhdudlaşmışdır. Buna baxmayaraq, xüsusi maarifləndirici, təşviqedici proqramlarının həyata keçirilməsi, bioloji mühafizə üsulunun ətraf mühit, insan sağlamlığı və faydalı faunanın qorunmasında mühüm əhəmiyyətə malik olması barədə izahat işlərinin aparılması ilə bu sahədə müəyyən nəticələrə nail olmaq mümkündür.
Bioloji mübarizə canlılar arasında gedən mübarizəyə əsaslanır,  bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi nəzərdə tutulur.

Ətraf mühit və insan sağlamlığının qorunmasının diqqətdə saxlanılması günün tələbi olduğundan bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun üstün cəhətləri vardır.

Bu mübarizənin tətbiqi ucuz başa gəlir, insan, heyvanlar və bitkilər üçün zərərsizdir, təbii mühiti çirkləndirmir.

Təlim zamanı bioloji mübarizə üsulu və üstünlükləri, faydalı faunanın qorunması, bioloji mühafizə üsulunun əsas istiqamətləri, biopestisidlər və digər bioloji mühafizə vasitələrindən istifadənin əhəmiyyəti qeyd edilib, bioloji mühafizə vasitəsi kimi biopestisidlərdən istifadənin bir çox üstünlükləri göstərilib.

Azərbaycanda  pambıq sahəsində bioloji mübarizə kimi pambıq sovkasının tırtıllarına qarşı Trixoqramma tüfeylisi və Habrobrakon kimi faydalı həşəratlar haqqında məlumat verilib. Qeyd olunub ki, Pambıq sovkasına qarşı bioloji mübarizə aparmaq məqsədilə zərərvericiləri müşahidə etmək üçün feromon tələlərdən istifadə olunur.

Taxıl sahələrində təbii yırtıcı və parazitlər, Ziyankar bağacığın yumurtalarının təbii paraziti  Telenomus; mənənələrin  yurtıcıları olan 7 nöqtəli parabizən və digər faydalı həşəratların inkişaf dinamikasına dair  əldə olunan elmi məlumatlar iştirakçıların nəzərinə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran sullar cavablandırılıb.

© 2020 Əkinçilik ETİ