Xəbərlər

İnstitutun əməkdaşı “Akademiyada Qərbi Azərbaycan tədqiqatları: ilkin yekunlar və vəzifələr” mövzusunda keçirilən elmi konfransda iştirak edib

“Akademiyada Qərbi Azərbaycan tədqiqatları: ilkin yekunlar və vəzifələr” mövzusunda elmi konfrans keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın Qərbi Azərbaycan Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, alimlər və b.iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb. O, diqqətə çatdırıb ki, ötən bir il ərzində Qərbi Azərbaycan İcması dövlət başçısının qarşıya qoyduğu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, genişmiqyaslı təşkilatlanaraq bir çox beynəlxalq sənədlərin qəbul edilməsinə, BMT, UNESCO və dünyanın digər beynəlxalq təşkilatlarının Qərbi Azərbaycanla bağlı məsələlərə reaksiya verməsinə nail olub. İ.Həbibbəyli AMEA-da və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ şəkildə təşkili məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə Şurasının yaradıldığını da diqqətə çatdırıb. Akademik İ.Həbibbəyli çıxışının sonunda Milli Elmlər Akademiyasında cari ildə Qərbi Azərbaycan üzrə aparılan tədqiqatları yüksək qiymətləndirib və dövlət başçısının bu istiqamətdəki tapşırıqlarının icrası üzrə alimlərimizin var gücləri ilə səylərini bundan sonra da davam etdirəcəklərini vurğulayıb.
Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Toponimika” şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, AMEA-nın Folklor İnstitutunun “Qərbi Azərbaycan folkloru” şöbəsinin müdiri filologiya elmləri doktoru Əziz Ələkbərli və b. çıxış ediblər. 
Konfransda iştirak edən AR Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi aqrar elmlər doktoru Yasin Kərimov isə “Azərbaycanın tarixi torpaqlarındakı yaşayış məntəqələri adlarının rəsmi sənədlərlə saxtalaşdırılması” adlı məruzə ilə çıxış edib. O, çıxışında Qərbi Azərbaycanda azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən saxtalaşdırılmasını rəsmi sənədlər əsasında konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.
© 2020 Əkinçilik ETİ