Xəbərlər

Əkinçilik ET İnstitutunun direktoru AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin illik hesabatına həsr olunmuş iclasda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2023-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Səhiyyə, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin nümayəndələri, bir sıra tibbi müəssisələrin direktorları, aidiyyəti şəxslər və KİV nümayəndələri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və nümayəndələri iştirak ediblər.

İclasdan öncə aidiyyatı qurumların 2023-cü ildə əldə etdikləri mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib. Alim AMEA-da həyata keçirilən islahatlar barədə danışaraq müasir elmin çağırışlarına müvafiq olaraq aparılan tədqiqatların, qazanılan yeni elmi nailiyyətlərin müstəqillik dövrü Azərbaycan elminin uğurları olduğunu söyləyib.

AMEA prezidenti, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ötən ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması və tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar BTEB-ə daxil olan institut və təşkilatlarda, o cümlədən digər tibb müəssisələrində keçirilmiş tədbirlər, konfrans və simpoziumlardan bəhs edib, bölməyə daxil olan elmi müəssisələrdə bu münasibətlə çoxsaylı elmi nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.

Tədbirdə səsləndirilən çıxışlar və məruzələr ətrafında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, eləcə də Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış edərək fikir və təkliflərini səsləndiriblər.


Daha sonra Lənkəran Regional Elmi Mərkəzinin  direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Mərkəzin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.

İclasın sonunda çıxış edən akademik İsa Həbibbəyli bölmədə aparılan tədqiqatları, müəyyənləşdirilmiş yeni elmi istiqamətləri, yaxın profilli müəssisələrin birgə fəaliyyətini, gənc mütəxəssislərin xaricdə doktorantura təhsili almasını, yeni elmi nəslin yetişdirilməsi istiqamətində görülən işləri, impakt faktorlu jurnallarda çıxan məqalələrin sayının artmasını, işğaldan azad olunmuş ərazilərdə yerinə yetirilən elmi işləri yüksək qiymətləndirib.

© 2020 Əkinçilik ETİ