Xəbərlər

ISO 9001:2015 Beynəlxalq Standartının əsasında təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda ISO 9001:2015 beynəlxalq standartının əsasında “9001:2015 beynəlxalq standartının şərhi 4-cü bölmə: Təşkilatın konteksti” mövzusunda təlim keçirilib. Təlimdə institutun əməkdaşları iştirak ediblər. 
Təlimin keçirilməsində məqsəd ISO 9001:2015 standartının şərh edilməsi, standarta gətirilən yeniliklərin izahı, standartın tərkib hissələrini anlamaq, standartı tətbiq etmək məqsədilə onun tələblərini müəyyənləşdirməkdən ibarət olub.
Təlim müddətində ISO Standartları üzrə ekspert, i.e.f.d. Qalib Şərifov iştirakçılara Beynəlxalq Standartlaşma Təşkilatı (İSO), onun yaranma tarixi, üzvlük qaydaları, strukturu, standartları hazırlanyan komitələrin yeri, rolu və istiqamətləri, onların sırasından idarəetmə standartlarının yaranma zərurəti və hal-hazırda ən çox yayılmış İSO idarəetmə standartları və onların mahiyyəti haqqında müfəssəl məlumat verib. O, diqqətə çatdırıb ki, ISO 9001 ISO tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyəti idarəetmə standartıdır. ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.
ISO 9001 standartının tətbiqi təşkilatın davamlı inkişafının təmin olunması, istehsal göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi, istehlakçıların tələbatlarını fasiləsiz təmin etməklə məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına imkan verir və s. 
Sonra o, ISO 9001standartının tətbiqinin faydaları haqqında: idarəetmənin səmərəli təşkili; işçilərin peşəkarlığının yüksəlməsi; istehsalın və xidmətin səmərəli təşkili və məhsuldarlığın artırılması; proseslərə düzgün nəzarət; keyfiyyətin yüksəldilməsi; xərclərin azaldılması; sənədləşmənin düzgün aparılması; daimi təkmilləşmə sisteminin formalaşması; riskin azaldılması və stabilliyin yaranması; səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması; resursların səmərəli istifadəsi; müştəri məmnunluğunun artması; bazarın dəyişikliklərinə çevik uyğunlaşma imkanı; tərəfdaşlar və investorlar qarşısında inamın yaranması və tenderlərdə uğurlu iştirak; satışın və gəlirlərin artması; ixrac imkanlarının artması; bazarlara rəqabətqabiliyyətli məhsul və xidmətlərin çıxarılması; marketinq siyasətinin düzgün təşkili; qanunvericiliyin tələblərinin yerinə yetirilməsi və s. haqqında təlim iştirakçılarına  ətraflı məlumat verib.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçılar tərəfindən verilən bir çox suallar cavablandırılıb və müzakirələr aparılıb.
© 2020 Əkinçilik ETİ