Xəbərlər

Görkəmli şəxsiyyət, akademik Cəlal Əlirza oğlu Əliyevin anım günüdür

Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirən, aldığı dəyərli nəzəri-tətbiqi nəticələrlə dünya biologiya elminin xəzinəsinə öz töhvələrini verən,  görkəmli şəxsiyyət, akademik Cəlal Əlirza oğlu Əliyevin anım günüdür, onun vəfatından 8 il ötür.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Cəlal Əlirza oğlu Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbiri institutun direktoru Faiq Xudayev acıb, akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videocarx nümayiş olunub. Sonra tədbir iştirakçıları görkəmli şəxsiyyətlə bağlı fikir və xatirələrini bölüşüblər.

Ömrünün 60 ildən artıq bir hissəsini əsasən müqəddəs nemətimiz olan çörəyin  hazırlandığı buğdanın tədqiqinə həsr edən əməkdar elm xadimi, akademik Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1944-cü ildə əvvəlcə O, Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültələrini fərqlənmə diplomları ilə bitirib. Hələ üçüncü kurs tələbəsi olarkən C.Əliyev bitkilərin fiziologiyası kafedrasında laborant vəzifəsində işləməyə başlayıb və gələcək elmi fəaliyyəti üçün biologiyanın bu sahəsini seçmişdir. Azərbaycan Elmlər Akademiyasının bitkilərin fiziologiyası ixtisası üzrə aspiranturasını bitirən C.Əliyev 1955-ci ildə “Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci ildə “Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapıb. C.Əliyev elmi tədqiqat işlərini 1951-ci ildən 2016-cı ilə kimi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bitkilərin fiziologiyası (indiki bitkilərin fiziologiyası və biotexnologiya) və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (sonradan bioloji məhsuldarlığın fundamental problemləri) şöbələrində aparıb.

Uzaqgörən, müdrik akademik biologiya, kənd təsərrüfatı və s. üzrə fundamental və tətbiqi sahədə tədqiqat aparmağa qabil kadrların hazırlanmasını ilkin vəzifələrdən biri kimi qarşıya məqsəd qoymuş və 1972-ci ildən başlayaraq müxtəlif elmi sahələr üzrə yüksək ixtisaslı kadrlar: bioloqlar, kimyaçılar, aqronomlar, fiziklər, riyaziyyatçılar, mühəndislər, instituta cəlb edilərək keçmiş ittifaqın müvafiq elmi mərkəzlərinə əvvəlcə 2 illik ixtisasartırma kurslarına, sonra isə məqsədli aspiranturaya göndərilib. Akademik C.Əliyevin misilsiz xidməti nəticəsində 80 nəfərdən artıq elmi işçi keçmiş SSRİ-nin nüfuzlu elmi mərkəzlərində biofizika, biokimya, biotexnologiya, torpaq fizikası, aqrokimya, molekulyar biologiya, genetika, molekulyar genetika, bitkilərin fiziologiyası, aqroekosistemin riyazi modelləşdirilməsi, fotosintetik proseslərin riyazi modelləşdirilməsi, radiobiologiya, texniki kibernetika və informasiya nəzəriyyəsi, fitopatologiya, xəstəliyə qarşı bitkilərin immuniteti, quraqlığa davamlılıq üzrə seleksiya, elektron hesablama maşınlarının tətbiqi ilə təcrübi göstəricilərin riyazi işlənməsi və s. sahələr üzrə uzunmüddətli ixtisasartırma kursları keçiblər. Bunun məntiqi nəticəsi olaraq, məqsədli aspirantura da daxil olmaqla Əkinçilik ET İnstitutunda 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlanıb, onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb, o cümlədən, bitkilərin fiziologiyası şöbəsində “bitkilərin fiziologiyası”-32, “bitkilərin biokimyası”-12, “biofizika”-16, “molekulyar biologiya”-1, “bioüzvi kimya”-2, “radiobiologiya”-4, “mikrobiologiya”-2, “riyazi biologiya”-5 ixtisasları üzrə 76 elmlər namizədi hazırlanıb. Onların 80 nəfərinə C.Əliyev şəxsən özü rəhbərlik edib.

Akademik Cəlal Əliyevin rəhbərliyi ilə Buğda və Qarğıdalının Yaxşılaşdırılması, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzlərin (CIMMYT, ICARDA), keçmiş Sovetlər birliyinə daxil olan və buğdanın seleksiyası ilə məşğul olan institutların hesabına müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda genofondu-gen bankı yaradılıb. Bu genofond fotosintez əlamətlərinin nəslə ötürülməsi və irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və başlıcası, məqsədyönlü seleksiyanın kompleks əlamətlərə əsasən həyata keçirilməsi üçün istifadə olunmağa başlanılıb, bununla da C.Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq buğdanın elmi cəhətdən əsaslandırılan seleksiya proqramının həyata keçirilməsinin əsası qoyulub.

Beləliklə, hələ ötən əsrin sonunda qısa boylu intensiv tipli buğda sortlarının məhsuldarlığının artırılmasına görə akademik C.Əliyevin nəzəri və təcrübi tədqiqatlarının nəticəsində əsl “Yaşıl inqilab” baş verib və bu bütün dünyada əks-sədaya səbəb olmuşdur. Buğdanın fotosintez fəaliyyətinin sirrlərini aydınlaşdırmaqla onu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılıb, bununla da akademik C.Əliyev tərəfindən Azərbaycanda biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası qoyulmuşdur.

Akademik Cəlal Əliyev uzun müddət aparılan nəzəri və eksperimental tədqiqatlarla fototənəffüs hadisəsinin əhəmiyyətinin aydınlaşdırılmasına nail olub, bu ideya, uzun illər tarla şəraitində müxtəlif bitki genotipləri üzərində aparılan məqsədyönlü və çoxşaxəli tədqiqatların nəticələrinə əsaslanıb. Bunun üçün ilk növbədə  xəstəliklərə və mühitin qeyri əlverişli amillərinə (quraqlığa, torpaq şoranlığına və s.) davamlı yüksək məhsuldar sort və genotipləri özündə ehtiva edən zəngin buğda genofondu yaradılıb. Yüksək məhsuldar (7-9 t/ha) buğda genotiplərinə yüksək fotosintez intensivliyi ilə yanaşı yüksək fototənəffüs ölçülərinin də xas olması, orta və aşağı məhsuldarlıqlı (3 t/ha) genotiplərdə isə əksinə həm CO2 assimilyasiyasının, həm də fototənəffüsün intensivliyinin aşağı olması müəyyən edilib.

Akademik C.Əliyev fotonəffüsün israfçılığının əksinə olaraq 40 il ərzində tarla şəraitində yetişdirilən və məhsuldarlığına görə təzadlı olan buğda genotiplərindən istifadə edərək, qaz mübadiləsinin intensivliyi, karbon metabolizmi və RBFK/O fermentinin aktivliyinə dair aparılan müxtəlif istiqamətli tədqiqatlarla fototənəffüsün təkamüldə formalaşan həyat əhəmiyyətli metabolik proses olduğunu, həmçinin tədqiqatlarda alınan nəticələrə əasalanaraq bitkilərdə məhsuldarlığın artırılması üçün fototənəffüsün müxtəlif yollarla zəiflədilməsinin əsassız olduğunu sübut edib. Onun rəhbərliyi ilə fotosintez və fototənəffüsün əsas fermentlərinin – fosfoenolpiruvatkarboksilaza və fosfoqlükalatfosfatazanın tam şəkildə nukleotid və aminturşu ardıcıllığı təyin edilib. 

Akademik C.Əliyevin əldə etdiyi bu nailiyyətlər, eləcə də Əkinçilik ET İnstitutunda bu əsasda yaradılan buğda sortları və onların respublikada geniş əkin sahəsinə malik olması 24-30 iyul 2011-ci il tarixdə Bakıda keçirilən və “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları”na həsr olunmuş beynəlxalq konfransda təmsil olunan 41 ölkənin xarici elm adamları tərəfindən yüksək dəyərləndirilmişdi.

Konfransda Birləşmiş Krallıqdan Fotosintez tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin prezidenti Uilyam Ruzerford, həmin cəmiyyətin sabiq prezidenti Ceyms Barber, Yaponiyadan professor Norio Murata, ABŞ-dan professor Bob Blankenşip, Almaniyadan professor Qernot Reyncer, Macarıstandan professor Qyozo Qarab və başqaları akademik Cəlal Əliyevin fotosintez, xüsusən də fototənəffüs sahələrində əldə olunan nailiyyətlərini yüksək qiymətləndirərək, bu illər ərzində əldə etdiyi  nailiyyətlərdən yalnız Azərbaycan xalqının deyil, bütövlükdə dünya elminin də bəhrələnəcəyini bildiriblər.

Bu baxımdan akademik Cəlal Əliyevin 2012-ci ildə Nyu Yorkda Dioqo F.Neves və Joao D.Sanzın redaktorluğu ilə çap olunan “Quraqlığa dair yeni tədqiqatlar” kitabında dərc olunan “Quraqlığa davamlı buğda (Triticum L.) genotiplərinin fizioloji və molekulyar əsasları”, İsveçdə “Fiziologiya Plantarum” jurnalında nəşr olunan “Buğda və soya genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı” məqalələrində qaldırılan məsələlər və 40 ildən artıq bir dövr ərzində əldə olunan mühüm nəticələr dünya elmi ictimaiyyətinin böyük marağına səbəb olub.

Keçən əsrin 80-ci illərinin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik C.Ə.Əliyev “İdeal buğda” bitkisinin modelini hazırlayıb və onun testləri əsasında seleksiya materiallarının seçilməsi ilə qiymətli formalar yaradıb. Bu model özündə fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək məhsuldarlığı təyin edən prinsiplər müəyyən edilib. Bütün bunların nəticəsində 1980-ci illərdə bir çox qiymətli buğda hibridləri yaradılıb, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirilib və onlardan stabil, yüksək məhsuldar, keyfiyyətli formalar seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (SNSMDK) təqdim olunub. Aparılan ekoloji sınaqlar və SNSMDK-nin nəticələri əsasında rayonlaşdırılan Mirbəşir 50, Qaraqılçlq 2, Vüqar, Şiraslan 23, Tərtər, Bərəkətli 95, Əlincə 84 bərk, Mirbəşir 128, Əkinçi 84, Qiymətli 2/17 yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi tutmağa başlayıb. Hələ 1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi akademik C.Əliyevin yaratdığı məşhur Qaraqılçıq 2 bərk buğda sortu Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunmuş və tezliklə keçmiş Sovetlər Birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək məhsuldarlığına görə bu sortun Özbəkistan və Türkmənistan respublikalarında da rayonlaşmasına qərar verilib. Respublikada taxılın orta məhsuldarlığının iki dəfə artaraq 2,5-2,6 t/ha çatmasında məhz bu sortların əkin sahələrinin tez bir zamanda genişlənməsinin də böyük rolu olub

Akademik C.Əliyevin mütərəqqi seleksiya proqramı, xüsusən də bərk buğdanın seleksiyası istiqamətində aparılan tədqiqatlar ölkədə səfərdə olan beynəlxalq nümayəndə heyətlərini hər dəfə heyran edib. Azərbaycanda taxıl sortlarının seleksiyasının yüksək səviyyəsi CIMMYT-in rəhbərliyində böyük maraq doğurduğundan 1996-cı ildə birgə əməkdaşlıq haqqında protokol imzalanıb. Elə həmin dövrdən başlayaraq mütəmadi qaydada hər il akademik C.Əliyevin rəhbərliyi ilə ayrı-ayrı bölgələrdə öyrənilərək yeni yerli hibrid nəsillərin yaradılması üçün istifadə edilən müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və hibridləri CIMMYT və ICARDA-dan Azərbaycana gönlərilməyə başlanıb.    Akademik C.Əliyevin əldə etdiyi elmi nailiyyətlər müəllifi olduğu, respublikada və xaricdə nəşr olunan 500-dən artıq elmi əsərdə, 25 monoqrafiya və kitablarda öz əksini tapıb.

C.Əliyev bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin (1994), Amerika Bitki Bioloqları Cəmiyyətinin (1994), Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin (1998) üzvü, eyni zamanda YUNESKO yanında «Bioetika, elmi bilikilərin və texnologiyaların etikası» Milli Komitəsinin (1999) və Azəçrbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin (1999) sədri, 1994-cü ildən etibərən Azərbaycanda «Biologiya Elminin Yeni Sahələrinin İnkişafı» Fondunun (BEYSİF) prezidenti, Bitki Genetik Ehtiyatları üzrə Rəhbər Komitənin sədri və Genetik Ehtiyatlar üzrə Milli Proqramın rəhbəri (1996), Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birliyin səlahiyyətli nümayəndəsi (2004), 1995-ci ildən 2015-ci ilə qədər Milli Məclisin deputatı olub. 

Akademik Cəlal Əliyev elm qarşısında böyük xidmətlərinə görə 2 dəfə «Qırmızı əmək bayrağı» (1978, 1986), Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- «İstiqlal» (1998) və Gürcüstan Respublikasının «Şərəf» (2003) ordenləri ilə təltif olunmuşdur.

Dünya şöhrətli alimin yaratdığı buğda sortları, seleksiya məktəbi, zəngin buğda genofondu, yazdığı qiymətli əsərlər Azərbaycan xalqının Milli sərvətidir. Bu irsin qorunaraq gələcək nəsillərə çatdırılması Azərbaycanın alim və ziyalılarının müqəddəs borcudur. 

© 2020 Əkinçilik ETİ