Xəbərlər

“Ərzaqlıq buğdanın məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılmasında mövcud problemlər və həlli yolları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkil etdiyi “Ərzaqlıq buğdanın məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılmasında mövcud problemlər və həlli yolları” mövzusunda tədbir keçirilib. Tədbirdə KTN-nin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Respublika üzrə müxtəlif bölgələrdən olan təsərrüfatların, şirkətlərin rəhbərləri, nümayəndələri, fiziki və hüquqi şəxslər, ƏETİ-nin rəhbərliyi və əməkdaşları iştirak ediblər. 
Tədbiri giriş sözü ilə ƏETİ-nin direktoru Faiq Xudayev açaraq toplantının əhəmiyyətindən danışıb. Tədbirdə F. Kərimov çıxış edərək aktual məsələlərə toxunub. 
ƏETİ-nin “Dənin keyfiyyəti” laboratoriyasının müdiri Qətibə Həsənova təqdimat əsasında çıxış edərək ƏETİ-nin dayanıqlı kənd təsərrüfatı istehsalında rolu, institutda yaradılmış kənd təsərrüfatı bitki sortları, buğda bitkisinin seleksiyası, dən keyfiyyəti, yüksək dən və çörəkbişirmə keyfiyyətinə malik buğda sortları və s. haqqında məlumat verib.
Sonra F.Xudayev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icra vəziyyətinə dair hesabatla çıxış edib. O, respublika üzrə ərzaqlıq buğda istehsalı və tədarükü, ərzaqlıq buğda istehsalı ilə məşğul olan təsərrüfatlar tərəfindən əkinlərdə istifadə olunan buğda sortları, ərzaqlıq üçün yararlı olmayan buğda istehsalı, rayonlar üzrə ərzaqlıq buğda istehsalı məqsədilə bağlanmış müqavilələr barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra müxtəlif bölgələrdən olan təsərrüfat, şirkət rəhbərlərinin və nümayəndələrinin, fiziki və hüquqi şəxslərin cıxışları dinlənilib, bir sıra məsələlərə aydınlıq gətirilib. 
Tədbir zamanı ƏETİ-nin Bölgə Təcrübə Təsərrüfat sahələrinə aid video çarx nümayiş olunub. Sonda müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
© 2020 Əkinçilik ETİ